Sumqayıtda 15 boksdan ibarət qarajda yanğın olub – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində bir dam altında tikilmiş 15 boksdan ibarət qarajın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 1500kv.m. olan qarajın dam örtüyünü taxta atmaları 200kv.m. sahədə yanıb.
Tikilinin böyük hissəsi yanğından mühafizə olunub.
Nazirlikdən İlaxır çərşənbə ilə bağlı əhaliyə – Müraciət – VİDEO

Fövqəladə Hallar Nazirliyi İlaxır çərşənbə ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
Müraciətdə deyilir:
“İlaxır çərşənbədə keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması isə sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, İlaxır çərşənbə ilə bağlı mərasimlərdə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır:
– bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;
– tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
– tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
– tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
– süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”
“Qayi Bulaq”ın fəaliyyəti dayandırıldı – Video

Qusar rayonu, Qayakənd kəndi ərazisində yerləşən “Qayi Bulaq” istirahət mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, yoxlamalar Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılıb.
Belə ki:
– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb;
– obyektdə standarta uyğun olmayan elektrik və qaz cihazlarından istifadə olunur;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib.
– taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
– təxliyə planı mövcud deyil;
– obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Məlumatda qeyd olunub ki, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Bütün bunlar nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Qusar rayonu, Qayakənd kəndi ərazisində yerləşən “Qayi Bulaq” istirahət mərkəzinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Zərdabda “Mercedes” aşdı, sürücü öldü – Video

Dünən Zərdab-Kürdəmir yolunda ağır qəza baş verib.
“Mercedes” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, qəza nəticəsində avtomobilin sürücüsü vəfat edib: “Dünən günorta saatlarında Zərdab rayonunun İsaqbağı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakini A.Abbasov idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil aşıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.
Araşdırmalar aparılır”.
FHN ötən həftə 11 azyaşlını xilas edib – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında qurumun aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 745 yanğına çıxış, 29 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə FHN qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 38 nəfər xilas edilib, yanğınlar zamanı 2-si azyaşlı olmaqla 19 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 4 nəfərin meyiti təhvil verilib.
“Koroğlu”da izdiham… – Video

Bu gün səhər saatlarında metronun “Koroğlu” stansiyasında böyük izdiham yaşanıb.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Sərnişinlərin sözlərinə görə, izdiham giriş qapısına çatmamış başlayıb. Həmçinin stansiyada sərnişinlərin çantalarını yoxlamaq üçün qoyulan aparatlardan da birinin işləmədiyi, içəri daxil olanların əşyalarının yalnız bir aparat vasitəsilə yoxlandığı qeyd olunur.
İzdihamın səbəbi məlum deyil.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlamışıq.
Həmin görüntüləri təqdim edirik:
Xalqlarının sevgisinə müharibələri əngəl oldu – Rus pilotun ukraynalı xanımı – VİDEO

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin kapitanı, Milli Qəhrəman İqor Kşnyakinin xanımı Yana Kşnyakina “İTV”yə müsahibə verib.
Milli Qəhrəmanın xanımı onun illər əvvəl Ukraynaya etdiyi səfərdən bəhs edib.
Ukraynalı Yana ilə rus İqorun yolları da məhz orada, Xarkovda kəsişib. Onların 20 illik ailə həyatından iki övladı doğulub.
Maraqlısı isə budur ki, iki millətin nümayəndələrinin sevgi hekayəsi dövlətlərinin müharibəsi ilə yarıda qalır.
Məlum olduğu kimi, AZAL-ın Aktauda qəzaya düşən təyyarəsi Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın “Pantsır-S” HHM-i ilə vurulub.
Ətraflı videomaterialda:
Gədəbəyin Qızıl qala meşəliyində yanğın – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Qızıl qala meşəliyi adlanan mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu haqda “Qafqazinfo”ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı yaşayış evləri və kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində dağlıq ərazidə 3 ha sahədə əsasən xəzəl, kol-kos və qurumuş ağac kötükləri yanıb. Yaşayış evləri, kommunikasiya xəttləri və meşə zolağı yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra orqanı iştirak edib.
Qabil Məmmədov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı – VİDEO

Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq rəsmi məlumat təqdim edib.
Həmin məlumata görə, təqsirləndirilən şəxs Qabil Əmrah oğlu Məmmədov barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4 maddəsinin tələbinə əsasən rəsmi xəbərdarlıq olunub.
Bildirilib ki, Qabil Məmmədov şəxsiyyət vəsiqəsi ilə birlikdə 17 aprel 2025-ci il tarixində saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlı sahəsi, 3105-ci məhəllə ünvanında Baş Prokurorluğun İstintaq İdarəsinin İnzibati binasına gəlməlidir.
Cinayət Məcəlləsinin 24 maddəsi ilə ittiham olunan Qabil Məmmədov, 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək və onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə 10 nəfəri aldadıb. Həmin şəxslərdən 29 597 manat pul alıb. O, eyni zamanda sosial media hesablarından açıq terrorçuluğa çağırışlar edib.
Qeyd edək ki, daha öncə Qabil Məmmədov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib və axtarışa verilib.
Daha ətraflı İctimai TV-nin videomaterialında:
Bakıda sexdə yanğın olub – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ziya Bünyadov prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tamet sexində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 150kv.m olan sexin dam örtüyünün taxta atmaları və içərisinə yığılmış rezin qəliblər 65kv.m sahədə yanıb.
Obyektin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Çevik Polis Alayında xidmət etmək istəyənlərin nəzərinə! – Video

Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.
Ünvan: Bakı ş. Xətai rayonu 8 Noyabr prospekti 69
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590 64 68, (012) 590-80-66; (012) 590-94-12; (012) 590-98-37; (012) 590-93-64; (012) 590-97-52.
Bakıda “Niva” yandı – Video

Paytaxtın Nəsimi rayonu, İ.Qasımov küçəsində avtomobildə yanğın baş verib.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının həyətində park edilmiş “Niva” markalı minik avtomobilində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bilavasitə yaxınlıqda yerləşən digər avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “Niva” markalı minik avtomobilinin arxa və salon hissəsi yanıb.
Avtomobilin qalan hissəsi, bilavasitə yaxınlıqda park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.
“Xəmsə” şadlıq evinə məxsus obyektlər bağlandı – Video

Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən “Xəmsə” şadlıq evi kompleksinə məxsus “VIP” və “Avropa zalı” adlı obyektlərin fəaliyyəti dayandırılıb.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən “Xəmsə” şadlıq evi kompleksinə məxsus “VIP” və “Avropa zalı” adlı obyektlərdə yoxlama keçirilib.
Keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
– obyektlərin təxliyə yolları yanar materialdan olan üzlüklərlə bəzədilib;
– yanğın avtomatika qurğularına planlı texniki xidmətin göstərilməsi üçün ixtisaslaşmış təşkilatlarla müqavilə bağlanılmayıb;
– obyektlərin şəxsi heyəti yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılmayıb;
– obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;
– dəhlizlərdə, pilləkan qəfəslərində, vestibül və hollarda konstruksiyaların səthlərinə yanar materiallardan bəzək üzlüyü çəkilib;
– təxliyə yollarında qəza işıqları quraşdırılmayıb;
– elektrik qurğularının müayinəsinin nəticələri, aşkar edilən nasazlıqlar və görülən tədbirlər operativ jurnalda qeydə alınmayıb;
– təxliyə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmaylb;
– obyektlərin ərazisi təmiz saxlanılmayıb;
– obyektlərin əsaslı təmiri və yenidən qurulması zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən Xəmsə” şadlıq evi kompleksinə məxsus “VIP” və “Avropa zalı” adlı obyektlərin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyekt nümayəndəsinə təqdim edilib.
Bank müdirinin döydüyü deyilən müştəri danışdı – “Sözlərimiz xoşuna gəlmədi” – VİDEO

Xəbər verdiyimiz kimi, “Yelo Bank”ın Yasamal rayonu ərazisində yerləşən filialının müdirinin müştərini döyərək ona xəsarətlər yetirməsi haqqında məlumat yayılıb.
Adının anonim qalmasını istəyən müştəri deyib ki, mübahisə göstərilən xidmətin gecikməsinə görə bildirdiyi etirazdan sonra baş verib.
O iddia edir ki, 10 gün əvvəl getdiyi bankda 2 saat gözləməsinə etiraz edib. Xidmətin gecikməsinə görə filial müdirinin otağına yaxınlaşaraq iradını bildirib:
“Növbə yox idi sistemdə nəsə problem var idi. Bizə dedilər “10-15 dəqiqə gözləyin”. İşçilərdən xahiş etdim bizə köməklik göstərsinlər, lakin nəticə olmadığına görə, filial rəhbərinin otağına üz tutdum. Sadəcə dedim ki, “digər banklarda işlər daha tez icra olunur”. Sözlərimiz Vüqar bəyin xoşuna gəlmədi. Bizə dedi ki, “sən kimsən bizi başqa bankla müqayisə edirən?”. Bayıra çıxandan 1 dəqiqə sonra arxamızca çölə çıxdı. Səsimi biraz qaldıranda, “mənimlə belə danışma” deyib çənəmə güclü bir zərbə vurdu”.
İddiaçının sözlərinə görə, hadisə martın 4-də, dostunun yaşlı valideynlərini vəsait çıxartmaq üçün banka aparanda baş verib.
Hadisə barədə “Yelo Bank”ın Elmlər Akademiyası filialından bildirilib ki, bu haqda onlara hər hansı bir rəsmi məlumat daxil olmayıb. Bankın baş ofisi də müraciəti cavabsız qoyub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Ətraflı: “Xezerxeber-az”ın videomaterialında:
Qubada qanunsuz tikili söküldü – Video

Qubada qanunsuz inşa olunan tikili sökülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, Quba Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Pirvahid kəndi ərazisində vətəndaş Ehtiram Şirinov tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Quba Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

İmişlidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – Video

İmişli rayonunun Yalavac kəndində fəaliyyət göstərən maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.
Bununla bağlı FHN məlumat yayıb.
Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən sahibkar Qafarov Səlahət Cəmil oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində maye qaz çənlərinin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, maye qaz çənləri üzərində quraşdırılmış qoruyucu klapanların yoxlanılmadığı, məntəqədə istismar olunan rezin parçalı qolların sınağının aparılmadığı müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
“Boranı” restoranında yanğın başlayıb – Video

Bakı şəhər Xətai rayonu ərazisində yerləşən “Boranı” restoranında yanğın başlayıb.
Hadisə restoranlar şəbəkəsinin Sareyovo küçəsində yerləşən filialında qeydə alınıb.
FHN-dən sorğumuza cavab olaraq bildirilib ki, nazirliyin 112 qaynar xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və əməkdaşları cəlb olunub.
Əlavə məlumat veriləcək.