“Bizim münasibətlər haqqında çox danışmaq olar. Sizinlə bu mövzuda dəfələrlə fikir mübadiləsi aparmışıq”.

Bunu Prezident İlham Əliyev Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.

“Siyasi münasibətlərin, ali səviyyədə daimi dialoqun, bu il yaxşı dinamika nümayiş etdirən ticari-iqtisadi əlaqələrin, nəqliyyat, energetika sahələrində, təbii ki, humanitar sahədə əməkdaşlığın inkişafından məmnun olduğumu bir daha bildirmək istərdim. Yəni, bizdə sıx qarşılıqlı fəaliyyətin olmadığı sahələri göstərmək daha asandır.

Əlbəttə, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə bizim ikitərəfli münasibətlərdə çox mühüm addımdır və artıq dediyim kimi o, bizim əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək”, – Prezident bildirib.

“Bu gün regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışacağıq. Siz bizim mövqeyimizi bilirsiniz.

Bu mövqe regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq.

Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək”, – İlham Əliyev əlavə edib.

İstinadlar Qafqazinfo