NATO-ya üzv ölkələr müdafiə xərclərini artırmalıdırlar, ÜDM-in 2 %-i artıq ittifaqın təhlükəsizliyini təmin etmək üçün kifayət etmir.
Bu barədə NATO-nun səlahiyyət müddəti başa çatan Baş katibi Yens Stoltenberq Brüsseldə vida nitqi zamanı bildirib.
“Yaxşı xəbər odur ki, 10 il əvvəl verdiyimiz sözə (ÜDM-in 2 %-ni müdafiəyə xərcləmək vədinə – red.) əməl etdik. Amma pis xəbər odur ki, bu, artıq təhlükəsizliyimizi təmin etmək üçün kifayət deyil”, – o deyib.
Stoltenberqin sözlərinə görə, NATO ölkələri “sülhün bədəlini ödəməyə” hazır olmalıdırlar.
“Pul nə qədər çox olsa, müdafiəmiz bir o qədər güclü, mühafizəmiz bir o qədər təsirli, təhlükəsizliyimiz isə bir o qədər yüksək olar”, – o əlavə edib.
Müdafiə xərclərinin nə qədər olması barədə suala Stoltenberq belə cavab verib: “Hər bir müttəfiq xərci qiymətləndirməlidir, lakin aydındır ki, bu, ÜDM-in 2 %-dən xeyli çoxdur”.
O vurğulayıb ki, alyans ölkələrinin liderləri insanlara niyə daha çox pul ödəməli olduqlarını izah etməlidirlər.