Livanda “WhatsApp”, “Viber” və “Messenger” kimi sosial şəbəkələrə tətbiq edilən vergi kütləvi etirazlara səbəb olub.

Livanın Nazirlər Kabinetinin iclasında ölkənin Baş Naziri Səad Hərriri “WhatsApp”, “Viber” və “Messenger” kimi sosial şəbəkə istifadəçilərinin vergiyə cəlb edilməsinə dair təklif irəli sürüb. Təklif nazirlər tərəfindən qəbul edilib. Bu məsələ mətbuatda işıq üzü gördükdən sonra paytaxt Beyrut ilə yanaşı, bütün böyük şəhərlərində kütləvi etirazlar başlayıb.
Etirazçılar bildirirlər ki, hökumət gələn ilin büdcəsini doldura bilmir və ona görə də sosial şəbəkə istifadəçilərindən pul yığmaq qərarına gəlib.
Ölkədə vəziyyətin gərginləşdiyini görən Rabitə naziri Muhammed Şukayr bəyan edib ki, Baş Nazirin bu təklifi nazirlər tərəfindən yenidən müzakirə olunacaq və qəbul edilməyəcək.
Xatırladaq ki, son illər Livanın iqtisadi vəziyyəti pisləşib. Ölkənin xarici borcu 89 milyard dollardan çoxdur.