Sənayelərinin həddindən artıq tənzimlənməsindən və aşağı gəlirlərdən narazı olan fransız fermerlərinin etirazları ölkə sakinlərinin böyük əksəriyyətinin dəstəyini qazanıb.

Bu barədə “Le Figaro” qəzetinin sifarişi ilə “Odoxa-Backbone Consulting” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrinə əsasən məlum olub.

Min respondentin 91%-i fermerlərin etirazının davam etdirilməsini dəstəklədiyini bildirib. Bu, yanvar ayı ilə müqayisədə iki faiz çoxdur. Həmçinin, respondentlərin 68%-nin fikrincə, hökumət aqrar sahədə vəziyyətin yaxşılaşdırılması üçün kifayət qədər tədbirlər görməyib.

Nəşr qeyd edib ki, respondentlərin 77%-nin fikrincə, prezident partiyası və hökumət fermerlərin maraqlarını zəif qoruyur ki, bu da Avropa Parlamentinə yay seçkiləri öncəsi hakim blok üçün pis əlamətdir.