TikTok sosial şəbəkəsi Azərbaycanı ən tez saran platforma oldu.

Gözlərimizi topa buludlardan, qocaman palıdlardan çəkib balaca monitorlara zillədən daha bir ömür oğrusu…

Əvvəl-əvvəl bu platformaya hamı ağız büzürdü, indi ora kütləvi köç var, kimə baxırsan, telefonunun ekranını yuxarı sürüşdürür, gülümsəyir, qaşları çatılır və s.

TikTok tamaşaçıları üzlərindən tanınır.

Bu, yeni platformadı və özünəxas bir nəsil yetişdirir – çəkilmiş ət kimi bir nəsil, qarışıq, assorti… Çünki bu platformaya baxan adam bir saniyə əvvəl dini kəlam eşidir, ardınca ekrana pantera tullanır, sonra kiminsə uzaqlardan vurduğu tennis topu zərblə monitora çırpılır, diksinirsən, sonra xoruz banlayır, ardınca da Messi topu qapının uzaq küncünə – doqquzluğa göndərir. Belə dinamik, sayrışan məhsullar təqdim edən platformanın daimi izləyicisi olan bir nəsil diaqnozu haqqında siz də düşünün.

TikTok hər coğrafiyada ayrı cür təcalla edir, hər ölkənin adamına ayrı cür təsir edir.

TikTok məşhurlara pul qazandırırmı? Bəli. Lakin bu qazanc özündən əvvəlki şəbəkələrdəki şərtlərlə yox, elə TikToka yaraşan səviyyədə əldə olunur. Yəni kontentin, məhsulun sanbalına ehtiyac duyulmur.

Bəlkə də başqa ölkələrdə məşhurlar TikTokdan ayrı cür pul qazanır, ancaq bizdə bu biznesin digər adı biabırçılıqdı. İki məşhur canlı yayıma çıxaraq boğuşur, bu boğuşmaya tamaşa eləyənlər də kefləri istəyəndə onlara hədiyyə atır. Həmin hədiyyələr də pul şəklində boğuşan məşhurların hesabına oturur.

TikTokda məşhur oliqarxlar var, onlar kiminsə qara gözünə, qaşına aşiq olub, yaxud da kiminsə söyüşünə gülüb ona böyük miqdarda, məsələn, 600 manatlıq hədiyyə göndərirlər. 

Bu torpaqlarda bir əsr əvvələ qədər sələflərimiz – mesenantlar pullarını məktəb, fabrik, teatr tikintisinə – xeyriyyəçiliyə qoyurdular, onların xələfləri isə TikTokda məşhurları dalaşdırır… Bu da məsələnin digər tərəfi.

Tazı yarışından, xoruz döyüşlərindən çox da fərqlənməyən bu “duellər”də “ölənlər” təkcə məşhurlar, pullular deyil, həm də onlara hədiyyə göndərən fəqir-füqaradır. Hansı ki, onlar imkanlı adamların hərəkətinə baxıb, son tikəsini məşhurlara göndərir.

Adama deyərlər, sənin çəkindən ağır pulu olan şou-biznes adamına hədiyyə göndərmək harana yaraşır?

Balanın boğazından kəsib, səviyyəsiz bir mübahisəyə niyə pul göndərirsən?

Sizcə, həmin insanların təfəkkürlərinin gülünc formada deformasiyaya uğramasının bir səbəbi də elə platformanın özü deyilmi?

Bəlkə də telefonda dini kəlam dinləyəndən bir saniyə sonra monitoru yuxarı itələyib başqa videoya baxmaq istəyərkən ekrana tennis topu çırpılanda adam bu günə düşür?

Bəlkə də problem elə Messidədir, bir futbolçu niyə Ukraynada vurulan qırıcı yerə çırpılıb partlayan kimi topu qapının uzaq küncünə göndərsin?

Axırıncı cümləni anlamadınız?

Anlamadınızsa, deyim, bəli, mənim TikTokda 30 min izləyicim var.

Sərdar Amin

İstinadlar Qafqazinfo