“Azərbaycanın əldə etdiyi tarixi zəfəri şərtləndirən bir sıra önəmli amillər var ki, onların da başında lider və insan faktoru gəlir. Tarixi təcrübə də, bugünkü ən yeni reallıqlar da bir daha təsdiq edir ki, qələbəni yalnız güclü iradəyə sahib, qətiyyətli, heç nədən çəkinməyərək cəsur qərarlar qəbul edən, milli maraqları hər şeydən üstün tutmağı bacaran, bununla yanaşı həm də onu qorumağı bacaran liderlər qazana bilir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqı öz liderində bütün bu keyfiyyətləri bir daha gördü: “Ancaq bunu təkcə Azərbaycan xalqı deyil, dost da, düşmən də, ümumilikdə bütün dünya da gördü. Azərbaycan əzilən, işğala məruz qalan, haqqı əlindən alınan xalqlara öz mübarizəsi ilə bir örnək oldu. Bütün dünyaya göstərdi ki, ədaləti, beynəlxalq hüququ necə bərpa etmək olar. Ancaq bunun üçün əlbəttə milli gücün, ümumilikdə məqsədyönlü şəkildə səfərbər olması şərti də var ki, bu da yenə əsas etibarilə insan faktoru ilə bağlıdır”.

Deputat bildirib ki, Azərbaycan xalqına bu tarixi zəfəri qazandıran Azərbaycan əsgəri ümummilli lider Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclərdir. Onun fikrincə, bu iki mühüm faktor əslində həm də milli həmrəyliyimizi təmin edən komponentlərdir: “Ulu öndər Heydər Əliyev məktəbi ənənələrindən gələn dəyərlər əsasında 2003-cü ildən sonra yeni idarəçiliyin tətbiq olunması ilə ölkəmizdə tamamilə yeni mənəvi və intellektual əsaslarda gənc nəsil yetişdirildi ki, burada iştirak edən başlıca mənəvi komponentlər isə vətənpərvərlik, cəsurluq və mənəvi dəyərlərimizə sahib çıxma duyğuları idi. 2003-cü ildə 10-15 yaşında olan gənclər məhz bu idarəçilikdə və bu dəyərlər əsasında tərbiyə edilərək artıq 2020-ildə Vətən savaşına qatılan 25-32 yaşlı qəhrəmanlara çevrildilər. Vətən müharibəmizin taleyini təyin etdilər, düşmənə tarixi dərs verdilər. Məhz onlar yaxın döyüşdə rəşadət, şücaət, cəsarət nümayiş etdirərək Şuşamızı azad etdilər. Bu dünya hərb tarixinə keçən ən nadir qəhrəmanlıq nümunələrindən biri idi. Ancaq bununla yanaşı Azərbaycanda gənclər də, orta nəsil nümayəndələri də, yaşlılar da eyni əzm, eyni coşqu ilə Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbəmiz üçün əllərindən gələni etdilər. Bu isə, əslində, milli birlik və bərabərliyimizin, millət olaraq Ali Baş Komandan, Prezident İlham Əliyev ətrafında yumruq kimi birləşməyimizin göstəricisi idi. Məhz bu yumruq milli birliyimizin və gücümüzün simvoluna çevrildi. Dəmir yumruq düşmənin başını əzdi, belini qırdı. Bu günlərdə Azərbaycan Prezidenti və Birinci vitse-prezident Şuşaya səfər etməsi, oradan yenidən dosta və düşmənə mühüm mesajlar verməsi hər bir azərbaycanlının qəlbini fəxarət və qürur hissi ilə doldurdu”