Somalinin paytaxtı Mogadişuda hücumda dünyasını dəyişən azərbaycanlı, Kəmaliyə İsmayılovanın cənazəsi cümə günü günorta saatlarında Somalidən Türkiyəyə yola salınacaq təyyarə ilə gətiriləcək, mərhumun qohumu Şahin Yaqubov BBC Azərbaycancaya məlumat verib.

“Sabah Türkiyəyə gələndən sonra onu Azərbaycana gətirəcəklər. Onu elə burda, Göyçayda dəfn edəcəyik”, – Şahin Yaqubov hazırda dəqiq vaxtla bağlı rəsmi məlumat gözlədiyini deyir.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev həlak olan azərbaycanlının 33 yaşlı Kəmaliyə İsmayılova olduğunu təqdiqləyib. Cənazənin gətirlməsi ilə bağlı qurum hələ hər hansı rəsmi açıqlanma vermir.

Somali polis mənbələrinə görə, Mogadişuda bir məktəbin xidməti mikroavtobusuna hücum edilib. Nəticədə biri azərbaycanlı olmaqla, türk və Somali vətəndaşları həlak olub.

“Yayda qayıdacaqdılar”

“Xəbəri eşidəndən sonra komaya düşən mərhumun həyat yoldaşı Əflatun İsmayılov artıq ayılıb. Amma vəziyyəti yaxşı olmadığına görə həkimlər onu sakitləşdirmək üçün iynə vurub yatızdırırlar”, Şahin Yaqubov yeznəsinin hələ uşaqları görmədiyini qeyd edir.

“Yayda onsuz da qayıdacaqdılar Türkiyəyə” deyən Şahin “hadisələrin onları qabaqlamasına” təəssüf hissi keçirir.

Hücum zamanı xəsarət alan mərhumun övladları, 11 yaşlı Nihad və 9 yaşlı Nicat İsmayılov qardaşlarının vəziyyəti isə keçirdikləri əməliyyatdan sonra “qənaətbəxşdir”, ailənin digər qohumu Zöhrab İsmayılov BBC Azərbaycancaya danışır.

“Anası altı ay onların yanında idi. Bu ayın 14-ü geri gəlmişdi” deyən Zöhrab Somaliyə getmək üçün 4 gün tələb olunduğunu deyərək ora getməyin mümkün olmamasına təəssüf edir.

O deyir ki, əslən Göyçayın Ləkçıplaq kəndindən olan Əflatun İsmayılov təhsilini Türkiyədə alıb və 20 ildən çoxdur ki, orda yaşayırdı. Mingəçevirdən olan mərhum həyat yoldaşı Kəmaliyə ilə 2004-cü il ailə qurandan sonra onu da özü ilə birlikdə Türkiyəyə aparıb.

“Orda turizm şirkətində çalışırdı. Əsasən Rusiya, Ukraynadan gələn turistlərlə işləyirdi. Amma Türkiyə-Rusiya münasibətləri gərginləşəndən sonra işi azaldı deyə müqavilə ilə Somaliyə işləməyə getdi”, Şahin Yaqubov yeznəsinin ailə ilə birlikdə bir ilə yaxındır Somalidə yaşadığını deyir.

Onun sözlərinə görə, Mingəçevirdə pedaqogika üzrə təhsil alan Kəmaliyə Somalidə uşaqlarının təhsil aldığı türk liseyində dərs deməyə hazırlaşırmış.

“Göyçayda dəfn olunacaq”

“Kəmaliyənin anası, bacısı da Mingəçevirdən gəliblər burdadır. Xəbəri biləndə vəziyyətləri çox pis oldu”, Şahin mərhumun Göyçayda dəfn olunacağını qeyd edir.

Şahinin dediyinə görə, uşaqların müalicəsinin Türkiyədə davam etdiriləcəyi ehtimal olunur.

Somalidə məktəbdən qayıdan xidməti mikroavtobusa adları məlum olmayan adamların hücumunu Türkiyə Xarici işlər Nazirliyi öz internet səhifəsində pisləyib.

Hadisədən sonra bölgədə xidmət edən Afrika Birliyi əsgərləri, təhlükəsizlik tədbirlərini artırıb və hadisə ilə bağlı istintaq başlanıldığı açıqlanıb, Anadolu ajansı agentliyi xəbər verir.