Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlamasında bazarda baş verən proseslərin neft satışından əldə edilən mənfəət dərəcəsinə təsirindən danışıb.

Ötən ildə SOCAR üzrə neftin bir barelinin hasilatı orta hesabla təxminən 10,2 ABŞ dollara başa gəldiyini deyən İ.Əhmədov əlavə edib ki, OPEC+ sazişi ilə əlaqədar olaraq rentabelliyi nisbətən aşağı olan yataqlarda hasilat dayandırılıb və əsaslı optimizasiya tədbirlərinə start verilib. Bununla da, pandemiya və qlobal tənəzzülə baxmayaraq, Azərbaycanda neft hasilatının rentabelliyi təmin olunub: “Yadınızdadırsa, ötən ilin aprel ayında neftin qiyməti kəskin düşmüşdü və bir çox ölkələrdə neft hasilatının rentabelliyi belə şəraitdə sual altında idi. Azərbaycan neftinin qiyməti isə hətta tarixi minimum səviyyəsinə, yəni 15-16 ABŞ dolları səviyyəsinə düşdüyü halda da öz rentabelliyini qoruyub saxlamışdı.

Hazırda, bəlkə, bəzi Fars körfəzi ölkələri istisna olmaqla, dünyanın bir çox ölkələrində neft hasilatının maya dəyəri Azərbaycandan yüksəkdir. Neftimizin maya dəyəri ilə satış qiyməti arasındakı fərq hasilatçı şirkətlər və dövlət arasında mənfəət olaraq bölünür və əsas hissəsi Azərbaycan dövlətinə məxsusdur. Ancaq dövlət büdcəsinə çatan bəzi vergilər artıq neftin maya dəyərində də nəzərə alınıb.

Ölkəmizin mənfəətini mümkün qədər yüksək səviyyədə təmin etmək üçün hasilat xərclərinin mümkün qədər aşağı olması vacibdir. Hazırda dövlətin nəzarəti və dəstəyi ilə SOCAR-da aparılan optimizasiya tədbirlərinin məqsədi də məhz əməliyyat xərclərinin optimallaşdırılması, şirkətin və sənayenin dayanıqlığının gücləndirilməsidir”.

İdarənin rəis müavini qeyd edib ki, bu islahatların aparılmasında bir həssas məqam da var, o da insanlardır, çünki optimallaşdırma və xərclərin azaldılması həm də hər bir sahədə fəaliyyət göstərən işçi sayının azaldılması ilə bağlıdır.

Onun sözlərinə görə, hazırkı konyunktur şəraitinə görə bəzi sahələrə bu daha çox təsir göstərir və belə halda, SOCAR öz işçilərini maksimum dərəcədə kütləvi ixtisarlardan qorumağa çalışır: “Ötən il bir çox neft və qaz şirkətlərində onminlərlə və hətta yüzminlərlə işçi kütləvi ixtisarlara məruz qalsa da, SOCAR kütləvi ixtisarlara yol vermədi. Hətta indi bəzi hasilat azaldığına görə bəzi işçilər faktiki fəaliyyətsiz qalsa da, SOCAR onların əmək haqqının 50 faizini ödəməyə davam edir, onlara öz hesabına yüksək səviyyəli peşə təlimləri təşkil etməklə fəaliyyətsiz qalan işçilərin digər sahələrdə iş tapmasına kömək edir. Üstəlik, SOCAR bütün sahələr üzrə vakansiyaları kənar şəxslərə bağlayaraq, yalnız öz sərbəstləşən işçilərinə açıq edib. Beləliklə, şirkətdə aparılan əsaslı optimallaşdırma dövründə insanların işsiz qalmaması üçün mümkün olan tədbirlər görülür”.