
SOCAR-ın Türkiyədəki “SOCAR GAS” şirkəti bu ilin birinci rübündə bu ölkədə 330,4 milyon kubmetr təbii qaz satışı həyata keçirib və satışlardan ümumilikdə 84,2 milyon ABŞ dolları gəlir əldə edib
SOCAR-dan bildirilib ki, həmin şirkət vasitəsilə SOCAR Türkiyə bazarında Azərbaycan mənşəli təbii qazın satışını həyata keçirir. Razılaşdırılmış qazın illik satış həcmi 1,2 milyard kubmetrə bərabərdir. Şirkət həmçinin “Petkim” zavodlarının təbii qazla təminatını da həyata keçirir.
Qeyd edək ki, Azərbaycan təbii qazının Türkiyədə satışını həyata keçirmək məqsədilə 2012-ci il oktyabrın 11-də “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) və “CIG Enerji” şirkətləri birgə “SOCAR Gaz Ticareti A.Ş.”ni yaradıblar. 2010-cü il iyunun 7-də Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanan sazişə görə “SOCAR GAS” Azərbaycandan Türkiyəyə illik 1,2 milyard kubmetr təbii qaz satışı həyata keçirir. 2013-cü il yanvarın 1-dən etibarən Azərbaycan təbii qazının Türkiyədə satışına başlanılıb və həmin aydan da “Petkim” “SOCAR GAS”dan qaz alıb.