
Şirvan şəhərində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda ümumşəhər tədbiri keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, ŞİH-nin məsul əməkdaşları, ictimai fəaliyyətdə fərqlənən gənclər iştirak ediblər.
İlqar Abbasov Gənclər Günü münasibətilə Şirvan gənclərini təbrik edib və onlara uğurlu gələcək arzulayıb. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən, cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsindən danışıb. Hər il ölkəmizdə 2 fevral – Azərbaycan Gəncləri Gününün təntənə ilə qeyd edilməsinin ölkə gənclərinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində qəbul edilən fərman və sərəncamların, dövlət proqramlarının əhəmiyyətini qeyd edib.
Daha sonra icra başçısı şəhərin ictimai həyatında fəal iştirak edən bir qrup gənci Fəxri Fərmanla təltif edib.