Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Füzuli və Salyan rayonlarında partlamamış hərbi sursatlar (PHS) aşkarlayıb.

ANAMA-dan verilən məlumata görə, Füzuli rayonunun Alıxanlı kəndi ərazisində əkin sahəsində 1 ədəd partlamamış tank əleyhinə mina (TM-57) aşkar edilərək götürülüb.

Salyan rayonu ərazisindəki Şirvan Milli Parkının ərazisində isə 5 ədəd partlamamış hərbi sursat (4 ədəd 122 mm-lik top mərmisi (BR-462) və 1 ədəd 100 mm-lik top mərmisi (BR-412) aşkar edilib. Mərmilər ərazidən götürülüb.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 30 sentyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 513 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.