“Şirinlik” qane etmədi, ataya etirazını bildirdi – Video

Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində qızı dünyaya gələn atadan “şirinlik” tələb olunduğuna dair sosial şəbəkədə görüntülər yayılıb. Görüntüdəki şəxs “şirinlik” məbləği az olduğu üçün ataya etirazını bildirir.
Doğum evinin baş həkimi Kəmalə Heydərova hadisənin rəhbərlik etdiyi tibb müəssisəsində baş verdiyini təsdiqləyib.
O, videogörüntüdəki ağ xalatlı şəxsin doğum evinin şöbə müdiri olduğunu deyib.
Baş həkim bildirib ki, 6 aydır rəhbərlik etdiyi xəstəxanada ilk dəfədir bu kimi mənfi halla qarşılaşır.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda araşdırılma aparılır. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək.
Xalqlarının sevgisinə müharibələri əngəl oldu – Rus pilotun ukraynalı xanımı – VİDEO

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin kapitanı, Milli Qəhrəman İqor Kşnyakinin xanımı Yana Kşnyakina “İTV”yə müsahibə verib.
Milli Qəhrəmanın xanımı onun illər əvvəl Ukraynaya etdiyi səfərdən bəhs edib.
Ukraynalı Yana ilə rus İqorun yolları da məhz orada, Xarkovda kəsişib. Onların 20 illik ailə həyatından iki övladı doğulub.
Maraqlısı isə budur ki, iki millətin nümayəndələrinin sevgi hekayəsi dövlətlərinin müharibəsi ilə yarıda qalır.
Məlum olduğu kimi, AZAL-ın Aktauda qəzaya düşən təyyarəsi Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın “Pantsır-S” HHM-i ilə vurulub.
Ətraflı videomaterialda:
Gədəbəyin Qızıl qala meşəliyində yanğın – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Qızıl qala meşəliyi adlanan mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu haqda “Qafqazinfo”ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı yaşayış evləri və kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində dağlıq ərazidə 3 ha sahədə əsasən xəzəl, kol-kos və qurumuş ağac kötükləri yanıb. Yaşayış evləri, kommunikasiya xəttləri və meşə zolağı yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra orqanı iştirak edib.
Qabil Məmmədov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı – VİDEO

Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq rəsmi məlumat təqdim edib.
Həmin məlumata görə, təqsirləndirilən şəxs Qabil Əmrah oğlu Məmmədov barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4 maddəsinin tələbinə əsasən rəsmi xəbərdarlıq olunub.
Bildirilib ki, Qabil Məmmədov şəxsiyyət vəsiqəsi ilə birlikdə 17 aprel 2025-ci il tarixində saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlı sahəsi, 3105-ci məhəllə ünvanında Baş Prokurorluğun İstintaq İdarəsinin İnzibati binasına gəlməlidir.
Cinayət Məcəlləsinin 24 maddəsi ilə ittiham olunan Qabil Məmmədov, 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək və onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə 10 nəfəri aldadıb. Həmin şəxslərdən 29 597 manat pul alıb. O, eyni zamanda sosial media hesablarından açıq terrorçuluğa çağırışlar edib.
Qeyd edək ki, daha öncə Qabil Məmmədov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib və axtarışa verilib.
Daha ətraflı İctimai TV-nin videomaterialında:
Bakıda sexdə yanğın olub – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ziya Bünyadov prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tamet sexində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 150kv.m olan sexin dam örtüyünün taxta atmaları və içərisinə yığılmış rezin qəliblər 65kv.m sahədə yanıb.
Obyektin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Çevik Polis Alayında xidmət etmək istəyənlərin nəzərinə! – Video

Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.
Ünvan: Bakı ş. Xətai rayonu 8 Noyabr prospekti 69
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590 64 68, (012) 590-80-66; (012) 590-94-12; (012) 590-98-37; (012) 590-93-64; (012) 590-97-52.
Bakıda “Niva” yandı – Video

Paytaxtın Nəsimi rayonu, İ.Qasımov küçəsində avtomobildə yanğın baş verib.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının həyətində park edilmiş “Niva” markalı minik avtomobilində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bilavasitə yaxınlıqda yerləşən digər avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “Niva” markalı minik avtomobilinin arxa və salon hissəsi yanıb.
Avtomobilin qalan hissəsi, bilavasitə yaxınlıqda park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.
“Xəmsə” şadlıq evinə məxsus obyektlər bağlandı – Video

Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən “Xəmsə” şadlıq evi kompleksinə məxsus “VIP” və “Avropa zalı” adlı obyektlərin fəaliyyəti dayandırılıb.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən “Xəmsə” şadlıq evi kompleksinə məxsus “VIP” və “Avropa zalı” adlı obyektlərdə yoxlama keçirilib.
Keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
– obyektlərin təxliyə yolları yanar materialdan olan üzlüklərlə bəzədilib;
– yanğın avtomatika qurğularına planlı texniki xidmətin göstərilməsi üçün ixtisaslaşmış təşkilatlarla müqavilə bağlanılmayıb;
– obyektlərin şəxsi heyəti yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılmayıb;
– obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;
– dəhlizlərdə, pilləkan qəfəslərində, vestibül və hollarda konstruksiyaların səthlərinə yanar materiallardan bəzək üzlüyü çəkilib;
– təxliyə yollarında qəza işıqları quraşdırılmayıb;
– elektrik qurğularının müayinəsinin nəticələri, aşkar edilən nasazlıqlar və görülən tədbirlər operativ jurnalda qeydə alınmayıb;
– təxliyə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmaylb;
– obyektlərin ərazisi təmiz saxlanılmayıb;
– obyektlərin əsaslı təmiri və yenidən qurulması zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən Xəmsə” şadlıq evi kompleksinə məxsus “VIP” və “Avropa zalı” adlı obyektlərin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyekt nümayəndəsinə təqdim edilib.
Bank müdirinin döydüyü deyilən müştəri danışdı – “Sözlərimiz xoşuna gəlmədi” – VİDEO

Xəbər verdiyimiz kimi, “Yelo Bank”ın Yasamal rayonu ərazisində yerləşən filialının müdirinin müştərini döyərək ona xəsarətlər yetirməsi haqqında məlumat yayılıb.
Adının anonim qalmasını istəyən müştəri deyib ki, mübahisə göstərilən xidmətin gecikməsinə görə bildirdiyi etirazdan sonra baş verib.
O iddia edir ki, 10 gün əvvəl getdiyi bankda 2 saat gözləməsinə etiraz edib. Xidmətin gecikməsinə görə filial müdirinin otağına yaxınlaşaraq iradını bildirib:
“Növbə yox idi sistemdə nəsə problem var idi. Bizə dedilər “10-15 dəqiqə gözləyin”. İşçilərdən xahiş etdim bizə köməklik göstərsinlər, lakin nəticə olmadığına görə, filial rəhbərinin otağına üz tutdum. Sadəcə dedim ki, “digər banklarda işlər daha tez icra olunur”. Sözlərimiz Vüqar bəyin xoşuna gəlmədi. Bizə dedi ki, “sən kimsən bizi başqa bankla müqayisə edirən?”. Bayıra çıxandan 1 dəqiqə sonra arxamızca çölə çıxdı. Səsimi biraz qaldıranda, “mənimlə belə danışma” deyib çənəmə güclü bir zərbə vurdu”.
İddiaçının sözlərinə görə, hadisə martın 4-də, dostunun yaşlı valideynlərini vəsait çıxartmaq üçün banka aparanda baş verib.
Hadisə barədə “Yelo Bank”ın Elmlər Akademiyası filialından bildirilib ki, bu haqda onlara hər hansı bir rəsmi məlumat daxil olmayıb. Bankın baş ofisi də müraciəti cavabsız qoyub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Ətraflı: “Xezerxeber-az”ın videomaterialında:
Qubada qanunsuz tikili söküldü – Video

Qubada qanunsuz inşa olunan tikili sökülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, Quba Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Pirvahid kəndi ərazisində vətəndaş Ehtiram Şirinov tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Quba Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

İmişlidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – Video

İmişli rayonunun Yalavac kəndində fəaliyyət göstərən maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.
Bununla bağlı FHN məlumat yayıb.
Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən sahibkar Qafarov Səlahət Cəmil oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində maye qaz çənlərinin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, maye qaz çənləri üzərində quraşdırılmış qoruyucu klapanların yoxlanılmadığı, məntəqədə istismar olunan rezin parçalı qolların sınağının aparılmadığı müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
“Boranı” restoranında yanğın başlayıb – Video

Bakı şəhər Xətai rayonu ərazisində yerləşən “Boranı” restoranında yanğın başlayıb.
Hadisə restoranlar şəbəkəsinin Sareyovo küçəsində yerləşən filialında qeydə alınıb.
FHN-dən sorğumuza cavab olaraq bildirilib ki, nazirliyin 112 qaynar xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və əməkdaşları cəlb olunub.
Əlavə məlumat veriləcək.
Quba yolunda dəhşətli qəza – Bu maşından xəsarətsiz çıxdı-Video

Bu gün saat 05:30 radələrində Bakı-Quba-Rusiya sərhədi magistral yolunun 121-ci kilometrliyində ağır yol qəzası baş verib.
Şabran rayonu ərazisində “KamAZ” və “Mercedes” markalı yük avtomobilləri toqquşub.
Belə ki, “KamAZ”ın sürücüsü yanacağın bitməsi səbəbi ilə nəqliyyat vasitəsini yolun sağ hərəkət zolağında saxlayıb. Bu zaman arxadan gələn “Mercedes” markalı yük maşını öz yolu ilə hərəkətdə olarkən arxadan ona çırpılıb.
Baş DYP İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev sorğumuza cavab olaraq bildirib ki, hadisə nəticəsində ölüm faktı və ya xəsarət alan olmayıb:
“Təəssüflər olsun ki, dəfələrlə edilən xəbərdarlıqlara və görülən tədbirlərə baxmayaraq, hələ də bəzi sürücülərin qaydalara biganə yanaşması, yanacaq çəninə kifayət qədər yanacaq vurmamaları və yolun hərəkət hissəsində nəqliyyat vasitələrini saxlamaları bu kimi hadisələrə gətirib çıxarır. Sürücülərdən xahişimz və tələbimiz ondan ibarətdir ki, yola çıxarkən nəqliyyat vasitəsinin sazlığına və yanacaq çənina diqqətlə yanaşsınlar”.
FHN Kürdəmirdə mülki müdafiə məşqi keçirdi – Video

Kürdəmir “ASAN xidmət” mərkəzində “Fövqəladə hadisələrın nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan Kürdəmir “ASAN xidmət” mərkəzinin şəxsi heyətinin mülki müdafiə sahəsində biliyinin artırılması və bu sahədə əməli vərdişlərin aşılanması olub.
Məşqdə FHN-in Aran Regional Mərkəzinin aidiyyəti struktur bölmələri, Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikası, Kürdəmir “ASAN xidmət” mərkəzinin heyəti, yeri təcili və təxirəsalınmaz tibbi yardım bölməsi iştirak edib.
Məşq zamanı “ASAN xidmət” mərkəzinin şəxsi heyətinin şərti baş vermiş fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyəti simulyasiya edilib, “hadisə yerinə” operativ çatan FHN-in qüvvələri tərəfindən “yanğın-xilasetmə əməliyyatı” icra olunub.
Sonda məşqin yekunu ilə əlaqədar təhlillər aparılıb, nöqsan və çatışmazlıqlar müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
“Xocalı. Son toy…” filminin təqdimatı keçirildi – Video

Nizami Kino Mərkəzində “Xocalı. Son toy…” filminin təqdimat mərasimi keçirilib.
“Global Media Group”un və “Report” İnformasiya Agentliyinin birlikdə ərsəyə gətirdiyi “Xocalı. Son toy…” bədii-sənədli filminin süjet xətti 33 il öncə ermənilərin Xocalını atəşə tutması nəticəsində yarımçıq qalan sonuncu toy mərasiminə əsaslanır.
1992-ci ildə baş verən və bəşər tarixinin ən qanlı hadisələrindən birinə çevrilən Xocalı soyqırımı insanlıq faciəsi olmaqla yanaşı, həm də neçə-neçə insanın, ailənin sevincini əlindən alıb, əbədi ağrıya çevrilib.
“Xocalı. Son toy…” bədii-sənədli filmində də illər öncə “Vağzalı”sı yarımçıq qalan toyun sədaları yenidən eşidilir, azad-abad Xocalı yenidən toy-bayram əhval ruhiyyəsinə bürünür.
Ekran işində xalqımızın keşməkeşli tarixinin ən ağrılı səhifəsi olan Xocalı yarasının məhz bu toyun fonunda yenidən sevincə, pozitiv gələcəyə köklənməsi əksini tapır.
Yarımçıq qalan toyun bəyi Vasif Qafarov və gəlini Dürdanə Məmmədova, eləcə də həmin toyda iştirak edən digər qonaqlar, qohumlar, həmçinin musiqi heyəti illər sonra yenidən doğma ata-baba yurdlarına gələrək toy mərasimini davam etdirir, Xocalı sakinlərinin yenidən doğma yurdlarına dönüşünü əyani formada nümayiş etdirirlər.
Filmin ideyası 1992-ci il 18 yanvarındakı sözügedən toyun fotosundan ilhamlanaraq gerçəkləşib. Ekran işi Xocalıda yarımçıq qalan toyu, bundan sonra baş verən prosesləri və günümüzü özündə ehtiva edir. Sözügedən toyda çəkilən ağ-qara foto yenidən zəfər bayrağı sancılmış azad Xocalıda həmin fotonun rənglənmiş variantı ilə canlandırılır ki, bu da Xocalının yenidən dirçəlməsini, yeni nəfəs tapmasını tərənnüm edir.
Filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb.
Qeyd edək ki, filmin layihə rəhbəri “Global Media Group” İdarə Heyətinin sədri Elnur Nazim oğlu Abdullayev, ideya və ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissoru Yusif Ələkbərzadə, prodüseri isə Fuad Hüseynəliyevdir.
FHN-i çağırdılar, 12 yaşlı uşağın yatdığı məlum oldu – Video

Bakıda Yeni Yasamal yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə eyvanın dəmir barmaqlıqlarını kəsərək daxil olub və evdə yatmış vəziyyətdə aşkarlanmış 2013-cü il təvəllüdlü yeniyetməni valideynlərinə təhvil veriblər.
Sumqayıtda 15 boksdan ibarət qarajda yanğın olub – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində bir dam altında tikilmiş 15 boksdan ibarət qarajın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 1500kv.m. olan qarajın dam örtüyünü taxta atmaları 200kv.m. sahədə yanıb.
Tikilinin böyük hissəsi yanğından mühafizə olunub.
Həmçinin baxın
Xalqlarının sevgisinə müharibələri əngəl oldu – Rus pilotun ukraynalı xanımı – VİDEO
Bank müdirinin döydüyü deyilən müştəri danışdı – “Sözlərimiz xoşuna gəlmədi” – VİDEO
“Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinə qeydiyyat davam edir – Video