Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi NATO-nun yeni strateji konsepsiyasını tənqid edib. Şimali Koreya Vaşinqtonu Avropa və Asiya-Sakit okean regionunda nüvə müharibəsi təhlükəsi yaratmaqda ittiham edib. Bundan əlavə, KXDR hesab edir ki, ABŞ Avropanı hərbiləşdirir və Asiya-Sakit okean regionunu NATO regionuna çevirmək istəyir.

Bu barədə Şimali Koreyanın KCNA agentliyi məlumat yayıb.

“NATO-nun bu sammitindən aydın oldu ki, ABŞ Avropanı hərbiləşdirərək Asiya-Sakit okean regionunu NATO regionuna çevirməklə Rusiya və Çini eyni vaxtda cilovlamağa və mühasirəyə almağa çalışır və ABŞ-Yaponiya-Cənubi Koreya üçtərəfli hərbi ittifaqını planların həyata keçirilməsi üçün mühüm vasitə hesab edir”, – XİN sözçüsü bildirib.

Nazirlik hesab edir ki, “ABŞ və onun peyklərinin düşüncəsiz hərbi intriqaları” Avropa və Asiya-Sakit Okean regionunda eyni vaxtda nüvə müharibəsinin başlanması ilə nəticələnə biləcək vəziyyətə gətirib çıxarıb.

İstinadlar Report