İyunun 7-si Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTR) Məclisinin sədri Zorlu Töre ilə görüş keçirilib.

Qeyd edək ki, Z. Töre TÜRKPA-nın 13-cü Plenar İclasında iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdədir.

Bu səfər çərçivəsində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı ilə “Mangal Steak House”da işgüzar axşam yeməyində Z. Töre 40-dan çox İCMA və “Marsol Group” üzvü olan sahibkarla görüşüb.

İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev açılış nitqində çıxış edərkən Azərbaycan-ŞKTR münasibətlərinin günü-gündən irəliləməsini xüsusi ilə qeyd edib.

Z. Töre çıxışı zamanı Türk dünyasının tarixi və milli kökləri əsasında qurulan dostluq və qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinin önəmini vurğulayıb. O, qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli formatda davam edəcəyini, eləcə də Şimali Kiprin müstəqilliyində iqtisadi inkişaf və əməkdaşlıq imkanlarına yönəlmiş fəaliyyətlərinin davam etdiyini bildirib.

Milli Məclisin deputatı və ŞKTR parlamentlərarası işçi qrupunun sədri Cavanşir Feyziyev də görüşdə iştirak edib, ŞKTR ilə parlament ölçüsündə rəsmi münasibətlərin yaranması və inkişafına xüsusi diqqət çəkib.

Görüşdə məqsədəuyğun şəkildə ticarət, investisiya, turizm, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində tərəflər arasında qarşılıqlı anlaşma və potensial olduğu ön plana çəkilib.

Sahibkarlarla Z. Töre arasında qarşılıqlı dialoq şəklində görüş davam edib. Onların sualları cavablandırılıb.

Görüşün sonunda İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev və “Marsol Group”un Şimali Kipr nümayəndəsi İlhami Bilgen tərəfindən Məclisin sədri Zorlu Töreyə xatirə hədiyyəsi təqdim edilib və iştirakçılarla birgə xatirə fotosu çəkilib.

İstinadlar Report