
Beynəlxalq cinayətkarlıqla mübarizə sahəsində əsas təsisatlar olan Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı BMT Konvensiyası və onun tətbiqi üzrə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi ümumi “X” platformasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Sənan Əliyevin çıxışına istinad edərək SHERLOC-un əhəmiyyətini üzv dövlətlərin diqqətinə çatdırmışdır.
“SHERLOC platformasından istifadə edildikdə sorğu verilən ölkələrdə müvafiq əməlin cinayət hesab edilməsi məsələlərini qiymətləndirmək və müxtəlif yurisdiksiyalarda cinayət-prosessual müddəaları təhlil etmək imkanları əhəmiyyətli dərəcədə genişlənir. Bu baza qarşılıqlı hüquqi yardım sorğularımızın dəqiq və beynəlxalq hüquqi standartlara uyğun olmasını təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir. Bu həm də, cinayət araşdırmaları zamanı effektiv qlobal əməkdaşlığın təşviqində əhatəli normativ resursların mühüm rola malik olduğunu göstərir.”
Bəs SHERLOC Nədir?
SHERLOC (Sharing Electronic Resources and Laws on Crime) sistemi BMT-nin “Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı” Konvensiyasının, onu tamamlayan üç Protokolun və terrorçuluğa qarşı beynəlxalq hüquqi mexanizmlərin tətbiqi ilə bağlı məlumatların əlçatanlığını təmin etmək üçün üzv dövlətlərin qanunvericilik aktları və məhkəmə təcrübəsinin də daxil edildiyi beynəlxalq informasiya bazasıdır.
Ötən illərdə üzv dövlətlərin nümayəndələrinin səyləri nəticəsində beynəlxalq SHERLOC sisteminin həcmi və imkanları, beynəlxalq əməkdaşlıq sahəsində faydalılıq əmsalı xeyli dərəcədə artırılmışdır və bu istiqamətdə ümumi işlər davam edir.
