BP “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının illik iş proqramının bir hissəsi olaraq “Şərqi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirib.

Bu barədə AÇG yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Məlumata görə, plana əsasən “Şərqi Azəri” platformasından hasilat iyun ayının 13-dən başlayaraq 15 gün müddətinə dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın. Proqram dünən gecə təhlükəsiz və uğurlu şəkildə başa çatıb.

Bu proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən məşəl alışdırma sisteminin modernləşdirilməsi, radioizotop mənbələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçirilib.

Proqramın iş həcminə həmçinin “Şərqi Azəri” platformasında izolyasiyalı qaz ötürücü və işəsalma modulunun quraşdırılması işləri də daxil idi. Bu işlər ACE platformasının “Azəri” yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan yaradacaq.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2021-ci ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2022-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.

AÇG-nin digər platformalarından, həmçinin “Şahdəniz” yatağının platformalarından hasilat, Səngəçal terminalında əməliyyatlar, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri (CQBK və CQBKG) vasitəsilə ixrac əməliyyatları normal davam edib.

İstinadlar Report