
“Son illərdə sərhəd təhlükəsizliyinə təhdidlərin müəyyən transformasiyasını, sərhəd cinayətkarlığının yeni növ və formalarının meydana çıxdığını, coğrafiyasının genişləndiyini müşahidə edirik ki, bu da öz növbəsində sərhəd təhlükəsizliyinin təmin olunması üzrə yeni yanaşma və həllərin tətbiq edilməsinin aktuallığını şərtləndirir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasında deyib.
“Bununla bağlı olaraq baş verən proseslərin vaxtında və düzgün qiymətləndirilməsi, sərhəd təhlükəsizliyinin təmin edilməsində kompleks və effektiv yanaşma beynəlxalq terrorizm, separatçılıq, transsərhəd cinayətkarlıq, o cümlədən qanunsuz miqrasiya, narkotik və digər qadağan olunmuş maddələrin qaçaqmalçılığı ilə mübarizədə təsirli vasitələrdir.
Bununla əlaqədar olaraq sərhəd təhlükəsizliyinin təmin olunması məsələləri Prezident İlham Əliyevin xüsusi diqqəti altındadır. Son 20 il ərzində dövlət başçısı qırx dəfədən artıq Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə səfər edərək bölmələrdəki vəziyyətlə şəxsən tanış olub”, – o deyib.
DSX rəisi, general-polkovnik Elçin Quliyev diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Sərhəd Xidməti həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın ikitərəfli, regional və beynəlxalq səviyyədə həyata keçirilməsinə və inkişafına böyük əhəmiyyət verir:
“Qonşu ölkələrin sərhəd qurumları ilə qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Rusiya, Qazaxıstan, Türkmənistan, Gürcüstan, Türkiyə və İranın nümayəndələri ilə görüşlər və məsləhətləşmələr keçirilir, gələcək əməkdaşlığın yeni forma və üsulları nəzərdən keçirilir. Nümunə olaraq Xəzər dənizində rusiyalı və qazaxıstanlı həmkarlarla birgə əməliyyat-profilaktik tədbirlərin keçirilməsi təcrübəsini qeyd etmək istərdim. Sərhəd gəmilərinin qarşılıqlı dostluq səfərləri həyata keçirilir, sərhəd nəzarəti və əməliyyat orqanlarının xətti ilə işçi görüşlər keçirilir, Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işləri uğurla davam etdirilir, operativ məlumat mübadiləsi aparılır və Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan məsələlərlə bağlı əlaqələndirmə aparılır”.