Quba rayonu, Bağbanlı kənd sakini, iki əkiz qızı serebral iflic xəstəliyindən əziyyət çəkən Arzu Manafova rayon mərkəzi xəstəxanasından narazıdır.

Bu barədə “Qafqazinfo” ya müraciət edən A. Manafovanın sözlərinə görə, əkizlərdən biri Bəyimxanım Əhmədovanın bu ilin iyulun 4-də pensiyası kəsilib: “Serebral iflic xəstələri 3 ildən bir komissiyadan keçirlər. 2018-ci ildə onlara təyin edilmiş pensiya müddəti 2021-ci ildə bitib. Ona görə də iyulun 4-də Bəyimxanımın pensiyası kəsildi. Mən də iyulun 22-də xəstəxanada komissiyadan keçdim. Xəstəxanadan dedilər ki,1 aya cavab gələcək. 

Daha sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirdilər ki, uşağın sənədi sistemə vurulmayıb, yəni xəstəxana sənəd göndərməyib. Biz də xəstəxanaya müraciət etdik, dedilər ki, kimə istəyirsinizsə şikayət edin, vurmuruq.

Etirazlardan sonra oktyabrın 7-də yenidən sənədi sistemə vurdular. Bir gün sonra mesaj gəldi ki, sənədlər natamam olaraq sistemə daxil edilib.  Baş həkim Əmir Əliyevə də etirazlarımızı bildirmişik. Ancaq nəticəsi olmayıb.

Başa  düşmürəm ki, bir xəstə uşağa niyə belə laqeyd münasibət var? Axı mən o uşağın müalicəsini pensiyası ilə edirəm. 4 aydır onun pensiyasını almıram. İndi  neçə aydır ki, loqopedə, masaja apara bilmirəm. Digər əkiz uşağın komissiya vaxtı isə aprelin 7-nə düşür. Belə çıxır  ki, bu xəstəxana həmişə bizi get-gelə salacaq? Nəzərə alsaq ki, serebral iflic sağalan xəstəlik deyil.

Uşaqlar xəstə doğulandan sonra atası da bizi atıb getdi. 4 ildir boşanmışıq, valideynlərimlə birgə kənddə qalıram və uşaqlara özüm baxıram”.

“Qafqazinfo” məsələ ilə bağlı Quba rayonu Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, oktyabrın 28-də uşağın müayinəsi üçün təkrar komissiya təşkil ediləcək. Komissiyadan keçdikdən sonra onun sənədləri sistemə tam vurulacaq. Bu haqda onun valideyninə məlumat verilib. 

Qeyd edək ki, əkizlərin 8 yaşı var.

İstinadlar Qafqazinfo