Bu gün Şamaxıda növbəti Üzüm və Şərab Festivalı başlayıb.
Festival Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində baş tutur.
Ötən illərlə müqayisədə bu dəfə festivala maraq daha da artıb. Ziyarətçilərin sayı bunu deməyə əsas verir. Onlar arasında festivala təkrar gələnlər də var, ilk dəfə iştirak edənlər də. Turistlərin də çox olması tədbirin çox maraqlı olmasından xəbər verir.
“Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunan festivalda ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanışlıq imkanı qazanıb.
Festivalda yerli və xarici istehsalçıların şərab məhsullarının dequstasiyaları təşkil edilir, şərab evlərinin maraqlı hekayələrini izləmək imkanı yaradılır.
Ölkəmizin ayrı-ayrı bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları çeşidli şərablarını nümayiş etdirilir, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə əldə edə bilirlər.
Bu günün sonunda tanınnış sənətçilərin iştirakı ilə konsert proqramı baş tutacaq.
Qeyd edək ki, festival sentyabrın 8-də də davam edəcək.