İctimai fəal Sənay Qəhrəmanlını zorlamaqda təqsirləndirilən Əsgər Ağazadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən hazırlıq prosesində vəkillər cinayət işinin materialları ilə ətraflı tanış olmadıqlarını bildiriblər. Bu səbəbdən iclas yanvarın 26-a təxirə  salınıb.

Qeyd edək ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.

Cinayət işinin istintaqı zamanı şahid dairəsinin müəyyən edilərək dindirilməsi, habelə zəruri ekspertizaların təyin edilməklə rəylərinin əldə olunması təmin edilib.

Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik yaşına çatmayan Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə əsaslı şübhələr müəyyən olunub.

Cinayət işi üzrə Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə yekun ittiham elan edilməklə istintaq orqanının təqdimatı əsasında sonuncunun barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

30 dekabr 2021-ci il tarixdə Əsgər Ağazadənin təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstinadlar Qafqazinfo