“Cənubi Qafqaz regionu vacib və əhəmiyyətli dövrünü yaşayır. Ermənistanın məsuliyyətsiz rəhbərliyinin bəyanatlarını nəzərə alsaq, bu qənaətə gəlmək olar”.

Bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı mövcud nümayəndə heyətinin tərkibi dəyişir, çünki əsas heyət əvvəlki hakimiyyətin dövründə formalaşdırılıb: “Həmin deputatlar da çalışırlar ki hansısa formada ölkənin rəhbəri Nikol Paşinyanın müəyyən edəcəyi tərkibdə təmsil olunsunlar. Ona görə də Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı demək istədiyi və dediyi sözləri təkrar edirlər. Bu da gülünc bir vəziyyətə gətirib çıxarır. Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verib, sənədin içərisində tamamilə məntiqsiz ifadələr mövcuddur”.

Komitə sədri qeyd edib ki, Ermənistanın daxilində gedən proseslər başqa müstəviyə keçib, onlar bir-birilə mübarizəyə başlayıblar: “Paşinyan hökuməti nüfuzdan düşüb, bir qədər sonra onun yalnız regionda deyil, dünyada və beynəlxalq səviyyədə nüfuzdan düşəcəyinin də canlı şahidi olacağıq”.

Oxumağa dəyər:   Ermənistanda aksiya keçirilir - Nazirin istefası tələb edilir

S.Seyidov vurğulayıb ki, bütün dünya, o cümlədən Avropa Şurasının özü də Dağlıq Qarabağın Azərbaycana aid olması ilə bağlı konkret qətnəmələr qəbul ediblər, heç kəs bunu inkar edə bilməz.

İstinadlar Report