“Şəhidimizin meyitinin qaytarılması antihumanist hərəkətdir” – İTV-də kobud səhvlər – VİDEO

İctimai Televiziyanın xəbərlər-informasiya proqamı olan “Carçı”da ard-arda kobud səhvlərə yol verilməkdədir.
Azərbaycan 24 xəbər verir ki, kanal bu gün ana xəbər buraxılışında daha bir səhvə yol verib. Azərbaycanın xarici işlər naziri ilə onun Qətər dövlətindən olan həmkarının birgə mətbuat konfransında şəhid Çingiz Qurbanov barədə məqam təhrif olunaraq tam yanlış şəkildə efirə verilib. Süjetdə guya Elmar Məmmədyarovun dilindən Çingiz Qurbanovun nəşinin Azərbaycana verilməsinin antihumanist hərəkət olduğu qeyd olunur. Əslində isə xarici işlər naziri müsahibəsində bildirib ki, şəhidimizin nəşinin geri qaytarılmaması qeyri-humanist addımdır.
Qeyd edək ki, televiziyanın efirində bu, yeganə səhv deyil. İTV-nin 3 gün öncəki xəbər proqramında qeyd olunmuşdu ki, “Aprel döyüşləri Ermənistanda narahatlığı (-red: rahatlığı) pozub”.
Ölkəmizin düşmənlə informasiya müharibəsi apardığı bir vaxtda, ölkənin əsas televiziyalarından biri sayılan kanalda bu cür halların baş verməsi təəssüf doğurur və ciddi boşluqlardan xəbər verir.
Qeyd olunan nöqsanlarla bağlı hazırlanmış videoyazını təqdim edirik.