Ulu öndər Heydər Əliyevin imzaladığı ilk prezident fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş (ölümündən sonra) tibb xidməti baş leytenantı şəhid Gültəkin Əsgərovanın anası pedaqoji elmlər namizədi, “Şəhid anaları” Xeyriyyə Cəmiyyətinin sədri Rəfiqə Əsgərova bu gün son mənzilə yola salınıb.

Vida mərasiminə Müdafiə Nazirliyinin rəsmiləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, Nərimanov Rayon İcra Hakimiyyətinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri qatılıblar. Mərasimdə əməkdar incəsənət xadimi, prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin başsağlığını mərhumun ailəsinə çatdırıb.

Tədbirdə şəhid Milli Qəhrəmanın anası Rəfiqə xanımın ömrünün sonunadək ölkədə vətənpərvərlik işinin təşkilində fəal iştirak etdiyindən, dəfələrlə cəbhə bölgəsində olduğundan, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhunun yüksəldilməsi naminə apardığı məqsədyönlü işlərdən söhbət açılıb.

Rəfiqə Əsgərova Yasamal qəbiristanlığında dəfn olunub.