İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.

Prezident Administrasiyasının və Qərargahın rəhbəri Samir Nuriyev iclası açaraq, Prezidentin ötən ay ərzində Şuşa və Ağdama səfərlərini qeyd edib, bu səfərlər zamanı dövlətimizin başçısının aparılan bərpa və yenidənqurma işlərinə yerində baxış keçirdiyi, bir sıra təməlqoyma mərasimlərində iştirak etdiyini və zəruri tapşırıqlar verdiyini vurğulanıb.

Samir Nuriyev dövlətimizin başçısının verdiyi konkret göstərişlərin və qarşıya qoyduğu vəzifələrin Qərargahın gündəlik fəaliyyətində rəhbər tutulduğunu diqqətinə çatdırıb.

İclasda işğaldan azad edilmiş ərazilərdə əsas prioritetlərdən biri olan minalardan təmizləmə, şəhərsalma və nəqliyyat-rabitə infrastrukturu layihələrinin icrasının vəziyyəti, su ehtiyatlarının idarə olunması və səmərəli istifadəsi, tarixi-mədəniyyət abidələrinin inventarlaşdırılması və bu abidələrin qorunması sahəsində həyata keçirilən tədbirlər, şəhidlərin ailə üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, yaralıların, müharibə veteranları və iştirakçılarının sosial təminatı məsələlərinə dair məruzələr dinlənilib və zəruri tapşırıqlar verilib.

Prezidentin azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinin ən yüksək standartlara uyğun həyata keçirilməsi ilə bağlı tapşırığının icrası üçün bütün resursların səfərbər edilərək səmərəli istifadəsinin Qərargahın əsas hədəfi olduğu qeyd edilib.

İstinadlar Qafqazinfo