Azərbaycanın Pakistanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov etimadnaməsini bu ölkənin Prezidenti Arif Alviyə təqdim edib.

Azərbaycanın Pakistandakı səfirliyindən “Qafqazinfo”ya bildirilib ki, təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir Xəzər Fərhadov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Pakistan Prezidenti Arif Alviyə çatdırıb.

Xəzər Fərhadov Pakistanda səfir kimi təyin olunmasından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirib, Azərbaycan və Pakistan arasındakı münasibətlərin cari vəziyyətinin yüksək olmasında hər iki ölkə Prezidentinin rolunu xüsusi vurğulayıb.

Səfiri təyinatı münasibətilə təbrik edən Pakistan Prezidenti Arif Alvi, Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib və onun da səmimi salamlarını və yüksək ehtiramını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Görüşdə, həmçinin yüksək səviyyəli siyasi münasibətlərə uyğun olaraq, bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.