İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır və onun iqtisadiyyatının şaxələndirilməsinə kömək etməyə hazırdır.

Bu barədə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko İtaliyanın “Agenzia Nova” nəşrinə müsahibəsində bildirib.

“Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsində maraqlıdır. İtaliya, şübhəsiz ki, buna əhəmiyyətli töhfə verə bilər. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olaraq qalır: 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 8,7 milyard avroö təşkil edib və Azərbaycandan ixracın 38 %-dən çoxu İtaliyanın payına düşüb”, – diplomat qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan bazarı Cənubi Qafqazda ən əhəmiyyətli bazar olaraq qalır: “Bundan əlavə, Azərbaycanın coğrafi mövqeyi və sabitliyi onu Mərkəzi Asiya bazarlarına çıxış baxımından da mühüm regional mərkəzə çevirir”.

Səfir vurğulayıb ki, hazırkı hədəf iki ölkə arasında iqtisadi əməkdaşlığı dərinləşdirmək və şaxələndirməkdir:

“Bu, bir tərəfdən Azərbaycanın iqtisadiyyatını şaxələndirmək istəyi hesabına mümkündür. Ölkə bunu enerji sektorundan kənara çıxaraq həyata keçirə bilər. Digər tərəfdən isə İtaliya şirkətlərinin Azərbaycan bazarına çıxışının genişləndirilməsi və onların bir çox strateji sektorlara töhfəsi vasitəsilə mümkündür. Bu, həmçinin ənənəvi olaraq Azərbaycanın xeyrinə olan ticarət disbalansını azaltmağa kömək edəcək”.

O qeyd edib ki, Bakı İtaliya üçün əsas enerji təchizatçılarından biri olaraq qalır: Azərbaycanın neft və qaz satışından əldə etdiyi gəlirlərin təxminən yarısı bu ölkəyə ixracdan gəlir.

Diplomatın sözlərinə görə, “Eni” enerji şirkətinin 30 ildən çox fasilədən sonra Azərbaycana qayıtması, həmçinin TIM telekommunikasiya qrupu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında memorandumun imzalanması ikitərəfli əməkdaşlığın aktivləşməsinin parlaq nümunələridir.

“Eyni zamanda, qarşılıqlı əlaqələrin potensialı əhəmiyyətli dərəcədə genişdir. İnfrastruktur və əlaqə, aqrar-sənaye kompleksi və kənd təsərrüfatı texnikası və s. perspektivli istiqamətlər ola bilər. Bundan əlavə, müdafiə sahəsində aktivləşmə müşahidə olunur. Buna isə İtaliyanın Bakıdakı səfirliyində hərbi attaşe vəzifəsinin açılması kömək edir”, – diplomat vurğulayıb.

İstinadlar Report