Ermənistan tərəfindən irəli sürülən İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı ilkin ictimai dinləmələr zamanı İrəvan dəfələrlə təsdiq olunmamış məlumatlardan və yanlış şərhlərdən sübut kimi istifadə edib.

Bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın Ermənistanın iddiası ilə tətbiqinə dair Haaqa Beynəlxalq Məhkəməsində etirazların ikinci raundunda dinləmələr zamanı deyib.

“Ötən gün Ermənistanın dəfələrlə yanlış tərcümə və sübutların təfsirindən istifadə etməsi Azərbaycanı hiddətləndirib. Bununla bu ölkə hesab edib ki, onun bəyanatlarının müvafiq hissələri İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın əhatə dairəsinə düşə bilər”, – o, Ermənistan nümayəndələrinin Azərbaycan Silahlı Qüvvələri ilə bağlı saxta məlumatlarına münasibət bildirərkən deyib.

R.Mustafayev vurğulayıb ki, Ermənistan tərəfinin bu bəyanatlarına irqçi ifadələrin işlədilməsinə dair real sübutu əsaslanmayan fikirlər daxil idi.

O əlavə edib ki, onlar Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını təhrif ediblər:

“Məhkəməni əmin edə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələrində heç vaxt belə şevronlardan istifadə edilməyib və ya belə simvollar nümayiş etdirilməyib. Ermənistan tərəfinin vəkilinin bu dinləmələrdə diqqət çəkdiyi bu sübut növbəti saxtakarlıqdır”.