Azərbaycan və Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2025-ci ilin birinci yarısında Bakıda keçirilməsi ehtimal olunan növbəti iclasının təşkili üçün hazırlıq işləri aparır.
Bunu “Report”a açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.
“Hökumətlərarası Komissiya dövlətlərarası münasibətlərin, o cümlədən iqtisadi, nəqliyyat, logistika və biznes əlaqələrinin müzakirəsi üçün mühüm alətlərdən biridir”, – səfir bildirib.
O vurğulayıb ki, noyabrın 15-də Bakıda COP29 çərçivəsində Hökumətlərarası Komissiyanın həmsədrlərinin görüşünün keçirilməsi planlaşdırılır. “Latviyanın kənd təsərrüfatı naziri Bakıya gələcək və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri ilə görüş keçirəcək. Biz komissiyanın növbəti iclasının gələn ilin birinci yarısında baş tutması üzərində işləyirik. Yəqin ki, iclas Bakıda keçiriləcək”, – E.Skuya qeyd edib.
Diplomat əlavə edib ki, komissiya çərçivəsində bir çox məsələlərin müzakirəsi planlaşdırılır, ona görə də nazirlərin noyabr görüşü böyük önəm kəsb edir.