Azərbaycan ilə Serbiya arasındakı diplomatik münasibətlər mövcud olduğu 28 il ərzində inkişaf edərək strateji tərəfdaşlığa çevrilib.

Bu barədə Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavlyeviç Serbiyanın Dövlətçilik Günü münasibətilə keçirilən tədbirdə bildirib.

“28 il əvvəl yarandığı gündən bəri ikitərəfli münasibətlər inkişaf edərək strateji tərəfdaşlığa çevrilib və bu münasibətlər çərçivəsində biz qarşılıqlı maraq doğuran xarici siyasət məsələlərini fəal şəkildə müzakirə edir və həyata keçiririk”, – o deyib.

Səfir qeyd edib ki, son illər Bakı ilə Belqrad arasında siyasi əlaqələrin intensivləşməsi müşahidə olunur və bu, iqtisadi əlaqələrin möhkəmlənməsi və ticarət dövriyyəsinin artması ilə müşayiət edilir.

“Ümumiyyətlə, mən inanıram ki, biz Serbiyanın dövlətçiliyinin hər növbəti ilini sevinclə və Azərbaycanla daha da intensiv, mənalı əməkdaşlıq və dostluq şəraitində qeyd edəcəyik”, – səfir vurğulayıb.

Sonda diplomat Serbiyaya sülh və inkişaf, o cümlədən Azərbaycanla dostluq əlaqələrinin möhkəmlənməsini arzulayıb.

İstinadlar Report