Meksikanın tarix boyu bir çox çətinliklər yaşamasına baxmayaraq, meksikalılar milli ənənələrini və identikliyini qoruyub saxlaya biliblər.
Bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero noyabrın 1-2-də qeyd olunan ənənəvi Ölülər Gününə həsr olunmuş sərgidə deyib.
“İlk növbədə qeyd edim ki, bir meksikalı olaraq Ölülər Günü ilə fəxr edirəm, çünki bu bayram bizim ənənələrimizi və qədim tariximizi dünyaya tanıdır. Bu bayram ispanların qitəmizə gəlməsindən əvvəl yaranıb. Bu gün biz müəyyən simvollar və elementlərdən istifadə edərək dünyasını dəyişmiş qohumlarımızı yad edirik. Bundan başqa, Meksika ilə Azərbaycan arasında bir çox oxşarlıqların olduğunun şahidi oldum. Hər iki ölkənin mədəniyyəti minillik tarixə malikdir və müxtəlif tarixi hadisələrə baxmayaraq, biz öz identikliyimizi qoruya bilmişik”, – o bildirib.
Meksika hökumətinin planlarına toxunan səfir qeyd edib ki, xarici işlər nazirinin müavini və digər rəsmilərdən ibarət nümayəndə heyəti COP29-da iştirak edəcək.
“Meksika COP29-da bütün iqlim danışıqlarına, gələcəyimiz və ətraf mühit üçün vacib qərarların qəbuluna töhfə vermək üçün çalışacaq. Eyni zamanda, Meksika birlik və bərabərlik mövzusuna xüsusi diqqət yetirəcək”, – o əlavə edib.
Lalə Minasazova