Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” adlı beynəlxalq konfrans çərçivəsində baş tutan “Sülhquruculuq, Sülhməramlılıq və Sabitlik üzrə Dinin Rolu” adlı birinci sessiyada tədbir iştirakçılarına işğal dövründə həmin ərazilərdə baş verən faktlar barədə məlumat verib.

M.Qurbanlı bildirib ki, Azərbaycanın 20 faiz ərazisi 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalmışdı.

O xatırladıb ki, 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan özünün tarixi və beynəlxalq hüquqla tanınan ərazilərini işğaldan azad etdi: “Ermənistan işğal dövründə bu ərazilərdə vandalizm aktı törədib, Azərbaycan xalqına məxsus olan dini, mədəni-dini irsi yerlə-yeksan edib. Məscidlər, ziyarətgahlar və qəbiristanlıqlar dağıdılıb. Məscidlərdən hətta heyvan saxlanılan tövlə kimi istifadə edilib.

İşğaldan azad olunmuş ərazilərimizdəki 67 məsciddən 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

Eyni zamanda, Qafqaz Albaniyasına aid Xristian abidələri daxili və xarici görkəmləri dəyişdirilərək qriqoriyanlaşdırılıb (Gəncəsər, Xudavəng və s.), yaxud da dağıdılıb. Təsadüfi deyil ki, bir sıra xarici jurnalistlər erməni vandalizminin qurbanı olmuş Ağdam şəhərini “kabuslar şəhəri”, “kiçik Hiroşima” adlandırıb.

Qeyd edim ki, Ermənistan xristian təəssübkeşliyinə nail olmaq məqsədilə bu müharibəyə din xadimlərini cəlb etməklə, münaqişəni dini müstəvidə təqdim etməyə cəhdlər etsə də, buna nail ola bilməmişdi. Bütün bunlara baxmayaraq, Azərbaycan regionda yaranmış yeni reallığa uyğun, yeni səhifə açır – işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparır, dini, mədəni nümunələrə fərq qoymadan, mənsubiyyətindən asılı olmayaraq bütün tarixi-dini abidələri bərpa edir”.

İstinadlar Report