Bir neçə gün öncə Müsavat Partiyasının qurultayı keçirildi və Arif Hacılı yenidən başqan seçildi. Yəqin Siz də izlədiniz ki, qurultayla bağlı kifayət qədər narazılıq, fərqli açıqlamalar oldu. Müsavatın qurultayı barədə fikrinizi bilmək maraqlı olardı…

– Mən Müsavat Partiyasının qurultayını sonacan izlədim. 30 il keçməsinə baxmayaraq 1990-cı illərdən bir qarış qabağa getməyən qurultay keçirildi. Hətta mən deyərdim ki, sovetlər birliyi dövründə kolxozların ümumi yığıncaq iclasları Müsavat Partiyasının qurultayında daha yaxşı keçirilirdi. Əvvəla, onu qeyd edim ki, qurultay qanunvericiliyə, partiya nizamnaməsinə, ümumi təlimatlara uyğun şəkildə keçirilmədi. Tamamilə şəxsi məqsədlər üçün keçirildi. Arif Hacılının ilk dəfə başqan seçilməsindən başlayaraq Müsavat Partiyasının qurultayının hamısı bu formada həyata keçirilib. Xatırlayırsınızsa, birincidə Rauf Arifoğlu Müsavatı tərk elədi və qurultayın demokratik keçirilmədiyi barədə çıxış etdi. İkincidə isə Tural Abbaslı ilə Qubad İbadoğlu partiyanı tərk elədi. Budəfəki qurultayda da Tofiq Yaqublu və Yadigar Sadıqlının orada iştirakı sadəcə fon yaradırdı. Bu məsələ artıq qurultaya qədər həll olunmuşdu. Əvvəla, Müsavatın Aparat rəhbəri Gülağa Aslanlı qurultay nümayəndələrini özü seçmişdi. Deyirlər ki, Müsavat Partiyasının milyonlarla üzvü var. 10 nəfərə 1 nəfərdən qurultay nümayəndəsi nəzərdə tutulmuşdu. Bu da eləyir 390 nəfər. Yəni, Müsavat Partiyasının bütövlükdə Azərbaycanda 4 min üzvü var. Bunu digər namizədlərin fikirləri ilə də əsaslandıra bilərəm. Məsələn, Yadigar Sadıqlı biz 300 nəfərdən artıq insanı Məmməd Əmin Rəsulzadənin abidəsinin qarşısına yığa bilmirik. Bunu da biz demirik ki! Bunu partiyada başqanlığa namizəd olan şəxs deyir. Bəs biz niyə deyirdik ki, onlar niyə məhz şəhərin mərkəzində mitinq keçirmək istəyir? Çünki elə yer istəyirlər ki, onlara icazə verilməsin və yerin verilməməyini bəhanə gətirərək mitinq keçirməsinlər. Əgər sənin tərəfdarın varsa, yerin önəmi olmamalıdır. Bunun məsələyə aidiyyəti yoxdur. O baxımdan da deyirəm ki, Arif Hacılı qurultaya gələn vaxt artıq başqan seçilmişdi. Çünki qurultay nümayəndələrinin 90 faizi onun adamları idi. O qurultay sadəcə bir şou idi. Digər bir məsələyə də diqqətinizi çəkim. Debat vaxtı sosial şəbəkələrdə Tofiq Yaqublunu dəstəkləyirdilər. Bunlar da Əli Kərimlinin adamları idi. Bunu oxuyan kimi adam bilir. Digər maraqlı bir məqam isə ondadır ki, başqanlığa namizədlər çıxışlarında Dağlıq Qarabağla, sosial layihələr, gənclərlə partiya daxili münasibətlər, demokratiya ilə bağlı məsələlərə toxunmadılar. Arif Hacılı əvvəlcədən seçildiyinə görə təşəkkürünü bildirdi, Tofiq Yaqublu çıxışını Milli Şuranın agenti olmadığına həsr etdi, Yadigar Sadıqlı isə qeyd elədi ki, Müsavat ümumiyyətlə fəaliyyət göstərmir. İsa Qəmbərin isə seçkiyə bilavasitə müdaxilə etməsi anti-demokratik məsələdir. Onlar mitinqdə necə qışqırmağı, piketdə polisə özünü çırpıb həbs olunmağı və digər məsələləri yaxşı bilə bilərlər, amma seçki məsələsində onlara maarifləndirici kurslar və treninqlər keçə bilərəm. Hesab edirəm ki, Müsavat Partiyasının qurultayı şou idi. Bunlar sadəcə müsavat adını mənimsəyiblər. Məsələn, Siz tərəzinin bir gözünə M.Ə. Rəsulzadəni, bir gözünə Arif Hacılını, bir gözünə F.X. Xoyskini,digərinə Y.Sadıqlını qoyun. Necə də gülməli görünür. O insanlar Azərbaycanı istəyən adamlar idi. O Müsavat bu Müsavat deyil. O Müsavat Azərbaycan xalqının idi, bu Müsavat isə İsa Qəmbərlə, Arif Hacılınındır.

İstinadlar Apa