Salam, Səbinə!

Mən Talış kəndi yalnız snayperimin optik cihazından görmüşəm. Əsgərlikdə müşahidə məntəqəsinin beton barabanını fırladır, əsgər üçün yaradılmış bir çimdik boşluqdan baxırdım Vətənin intəhasız yaşıllıqlarına. Durduğum yerlər ağ torpaqlar idi, ayağımın altında əqrəb, böyə hərlənirdi… Mənsə Talış kəndin ətəyindəki gölə sovet istehsalı olan Draqnovun Snayper Tüfənginin optik nişangahındakı hiperbola altında görürdüm. Riyaziyyatı sevməsəm də, həmin hiperbolanı cənnət guşələrin üstündə o qədər gəzdirirdim ki, gözümdə sevimli bir naxışa çevrilmişdi.

Səbinə, ötən gün sənin üçün zəng çalınan kəndin ətəklərində 18 il əvvəl bir göl var idi. Sübh tezdən vəhşi atlar hardansa çapa-çapa gəlib həmun göldən su içirdi. Ancaq biz tərəflərə əqrəbdən, böcəklərdən savayı heç bir canlı yaxın durmurdu. Çünki bütün məhsuldar torpaqlar əlimizdən alınmışdılar. Durduğumuz yerlərin koordinatlarını yaxşı bilsək də, kimləsə telefonla danışanda harada xidmət etdiyimizi anlada bilmirdik.

Adı yox idi oraların. Yaxın əsgərlərdən biri şəhid olanda radioda saatlarla gözlədim… Gözlədim ki, barı bir can bahasına da olsa, olduğumuz yerlərin rəsmi adını eşidəm. Radionun xəbər aparıcısı şəhidimizin şəhadət verdiyi yerin adını çəkəndə isə mənə hər şey məlum oldu: “Adsız yüksəkliklər…” 

Bu adsız təpəliklər Talış kənd olmadığına görə adsız qalmışdı. O zaman anladım ki, bizdən əvvəlkilər də cənnətini itirmiş bu yerləri adlandıra bilmir. Bu qopuq torpaqlar özlərinə ad qazana bilsəydi, biz heç vaxt Talış kəndə qayıda bilməyəcəkdik. Bu yerlər Talışkəndsiz, Heyvalısız, Suqovuşansız mövcud ola bilmirdi.Bu yerlərin adı işğalda idi.

Əziz Səbinə, biz bu meyvəsiz torpaqlara belimizdə yeməklə getdik, adsız yüksəkliklərdə yaşadıq, müşahidə etdik, yuxu gördük… Baxışlarımızı snayperin yaxınlaşdırıcı şüşəsi ilə bir az da önə dartdıq, indi səni məzun olduğu o müqəddəs yerlərdən möhkəm-möhkəm tutub qərib hərbi nəğmələr oxuduq: Yenicə kişiləşən kal əsgər səslərimizlə analarımıza, sevgililərimizə şifahi namələr yazdıq:

“Gedirəm, gedirəm, gedirəm ana Batsam da dumana, qırmızı qana… Bir payız axşamı qayıdacağam…” 

Səbinə, ötən gün Talış kənddə çalınan o zəng təkcə sənin üçün – Səbinə Allasova üçün son idi. Bütün Azərbaycan üçün isə bu yeni bir başlanğıcdır.

Əminəm ki, son zəng günü, bəlkə də, yeganə azərbaycanlı məzun idin ki, nitqində “Bu gün mən həm sevinirəm, həm də kədərlənirəm…”  cümləsi olmadı. Sevindin, sevindin… Bu işlər belə olur, bu il 1 məzun, gələn il 3 məzun, o biri il 5 məzun… Əzəmətli bir məktəb binasında ilk və yeganə məzun olduğun an çəkilən fotolara ağlaya-ağlaya baxdıq.

Qarşında birincilərin durduğu foto…Üzünə gün düşər deyə gözlərin də qıyılıb. Sən tək, onlar çox. Yəqin onların hər birinə 11-cilər adından hədiyyə verməli olmusan. Onlar da əvəzində olmayan məzunlara veriləcək gülləri sənə uzadıb.

Biz məktəbi bitirəndə dəb belə idi. Ancaq biz məktəbi bitirəndə məğlub ölkənin məzunları olurduq, bizə məğlub müəllimlər məğlubiyyət tarixini keçirdi.

Lakin müəllimlərimiz bizə heç bir dərs cədvəlinə yazılmayan fənni də keçirdilər, məğlubiyyətdən dərs almaq dərsini. Həmin dərsin üç min əlaçısı…

Əziz Səbinə, indi sənin üçün zəng çalınan məktəb binasının tikildiyi yerdə dörd il əvvəl ali imtahanından uğurla keçib lap yüksəkliyə, səmaya qalxan məzunlar da oldu. Həmin əlaçılar gündəliklərimizin cildinə həkk olunmuş işğal tarixlərini göstərən “Qan yaddaşı”  lövhəsini şan yaddaşı ilə əvəzlədi.

Onların sayəsində sənin qarşında duran o birincilər hiperbolaları, parabolaları yalnız lövhədə, monitorda, kağızda görəcək, yad ölkələrin istehsal etdiyi snayperlərin nişangahında yox. Sənsə səmasında daim bulud çempionatı gedən bu yerlərin Qaqarinsən. Titovları, Tereşkovaları olacaq bu Vətənin… Qayalarında laçın, damlarında göyərçin mürgüləyən bu yerlərdə illər sonra ilk dəfə sənə görə zəng çalındı. Sən olmasaydın bu zəng gələn il çalınacaqdı. Talış kənd təhsilində hər şey sənə görə bir il tez başladı.

Bu zəngin adı Səbinədir. Səbinə isə Romada yaşamış qədim bir qadın qəbiləsinin adıdır; sevinən, şənlənən, qiymətli mənasını verir. Sevin, şənlən… Qiymətlisən!

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün

İstinadlar Qafqazinfo