“Elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı aşkar edilmiş qanunsuz istifadə hallarının rəsmiləşdirilməsində aşkara çıxan problemlərin aradan qaldırılması çox vacibdir. Bu gün abonentlərlə işləyən dövlət qurumları çox çətinliklərlə üzləşməli olur və ümid edirəm ki, bu dəyişiklik onların işini asanlaşdıracaq. Biz gərək elə dəyişiklikliklər nəzərdə tutaq ki, boşluq qalmasın. Məhz boşluqlar abonentlərlə xidmət göstərən dövlət qurumları arasında narazılıq yaradır”.

Bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, son günlər “Azəriqaz”la bağlı xeyli müzakirələr gedib və problemlərin aşkar edilməsi və aradan qaldırılması yönümündə birbaşa iştirakçıya çevrilib: “Yüzdən çox abonentlə söhbətlərim olub, şikayətlərini dinləmişəm, amma deyilən problemlərlə bağlı əsaslı və müqayisəli çekləri mənə təqdim edən də olmadı. Bu müddət ərzində “Azəriqaz” rəhbəri Ruslan müəllimlə də sıx telefon təmaslarım oldu və konkret şikayətləri ona ünvanladım. Açığı özümə də çətin oldu ki, şikayətləri birbaşa rəhbərə yollayırsan və onu problemlərlə bu qədər yükləyirsən. 

Ruslan müəllimə təşəkkür edirəm ki, bir dəfə də olsun narazılığını bildirmədi və edilən müraciətlərin əksər hissəsini araşdırdı, qəbul etdi və vətəndaşlara izahatlar verildi. Biz nə istəyirik? Biz istəyirik ki, vətəndaşlar razı qalsın və vəzifəli şəxs də onların problemlərini həll etməklə yanaşı, öz işini də günümüzün tələbləri səviyyəsində qursun”.

İstinadlar Qafqazinfo