“Lerik rayon mərkəzi xəstəxanası” PHŞ-nin Vov kənd tibb məntəqəsində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

Bu Lənkəran rayon prokurorluğundan bildirilib.

Araşdırmalarla Lerik rayonu, Siyov kənd sakini Mahir Əliyevin Vov kənd tibb məntəqəsinin müdiri işləyən həmkəndlisi Anar Məstəliyev ilə cinayət əlaqəsinə girərək Bakı şəhərində yaşayan bir neçə şəxsin vaksin vurulmadıqları halda I və II doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.