Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyan Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı Rusiya Prezidenti Vladimir Putinə qarşı hörmətsiz münasibətdə qınayıb.

Rusiya-Ermənistan münasibətləri haqda danışan Sarqsyan bildirib ki, Rusiya Ermənistanın müttəfiqi olub, var və qalacaq.

“Müttəfiqlər kimi onlar öz öhdəliklərini əsasən yerinə yetirirdilər. Lakin biz çox sadə bir şeyi anlamalıyıq ki, bu müttəfiq öhdəliklər birtərəfli olmur. Biz hesab etməməliyik ki, Rusiyadan ancaq tələb edə bilərik ki, onlar burada öz hərbçilərini qurban versin, bizə pulsuz qaz versin, guya onlar bizə nə isə borcludurlar”, – Sarqsyan seçiciləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, bu mümkün deyil və hətta insan münasibətlərində belə bir şey yoxdur və dostlar bir-birinə kömək etmək üçün var, həmişə birinin o birinə kömək etməsi üçün yox.

“Müsahibələrimdə dediyim sözləri təkrar etmək istəmirəm. Amma sən Rusiya Federasiyasının Prezidentinə hörmətsizlik göstərsən, o, sənə hörmətlə yanaşacaqmı? Sən (Paşinyan-red.) kimsən ki, Rusiya Federasiyasının Prezidentini hava limanında qarşılamayasan? Şəxsiyyətlərdən asılı olmayaraq: Putin, Medvedev, Yeltsin. Sən nə üçün hörmətsizlik edirsən?”, – eks-Prezident deyib.

O qeyd edib ki, protokol tədbirlərini tənzimləyən erməni qanunları ilə BMT TŞ-nin daimi üzvü olan dövlətlərin prezidentləri və baş nazirləri hava limanında Baş nazir və ya Ermənistan Prezidenti tərəfindən qarşılanır.

“Bu qanunları təkcə biz yox, ruslar da bilir. Və sən bunu etmirsən, sonra komandan vasitəsilə necə oğlan olduğunu, Putinlə necə davrandığını danışırsan… Belə şeylər elə -belə keçmir”, – Sarqsyan deyib.

İstinadlar Qafqazinfo