Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sabitlik, sülh və rifaha yönəlmiş bütün səyləri əvvəlki kimi dəstəkləməyə hazırdır.
Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Keçən həftə Budapeştdə baş nazir Nikol Paşinyanla görüşümdən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin hazırkı vəziyyətini müzakirə etdik. Aİ Cənubi Qafqazda sabitlik, sülh və rifaha yönəlmiş bütün səyləri dəstəkləməyə hazırdır. Mən, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevi təxirəsalınmaz iqlim gündəliyi nöqteyi-nəzərindən vacib məqam olan COP29-un keçirilməsi münasibətilə təbrik etdim. Aİ maliyyə həmrəyliyi və iqlim hədəflərimizə sadiqdir”, – o qeyd edib.