Xəbər verdiyimiz kimi 90-cı illərdə Azərbaycana qarşı hərbi əməliyyatların və müharibə cinayətlərinin əsas simalarından biri, qondarma ‘arsax’ın sabiq ‘müdafiə naziri’ olmuş Samvel Babayan Qarabağdan qaça bilib. O, Ermənistan mediasına müsahibəsində guya Laçın postundan keçdiyini və yoldakı polislərin onu tanımadığını və beləcə əl-qolunu sallayaraq sərhəd məntəqəsindən Ermənistana getdiyini iddia edib. Onun sözləri Azərbaycanda da ciddi rezonans doğurub və bəzi şəxslər hətta sərhəd postumuzdakı ‘boşluğa’ görə qınaqlar səsləndirirlər. Bəs Samvelin dediyi doğrudurmu?

Azərbaycan 24’ MEDİA məsələ ilə bağlı Beynəlxalq Münasibətlər üzrə ekspert Elgün İbrahimovun fikirlərini öyrənib. O, sayta açıqlamasında bildirib ki, çox böyük ehtimalla Samvel Babayan yalan danışır və iz itirməyə çalışır:

Onun Laçın postundakı boşluqdan istifadə edərək sərbəst Ermənistana keçməsi inandırıcı deyil. Azərbaycan hüquq-mühafizə orqanlarının siyahısında adı ilk sıralarda olan birinin nə risk edib posta getməsi, nə də polis və sərhədçilərimizin onu tanımaması real görünmür. Böyük ehtimalla Samvel Babayan başqa yollarla Qarabağdan çıxıb və yalan iddialarla öz aləmində ölkəmizinin müvafiq qurumlarını gözdən salmaq və eyni zamanda iz itirməyə çalışır. Onun Qarabağdan çıxmasında bir neçə digər və daha real versiyalar ola bilər. Bunlardan biri və bəlkə də birincisi rus sülhməramlılarının nəqliyyat vasitələri və ya vertolyotları ola bilər. Bakı əməliyyat zamanı Qarabağ səmasını uçuşlara bağlasa da, son günlərdə Xankəndidəki şübhəli yanğın və partlayış hadisəsi sonrası ‘ölü və yaralıların’ Ermənistana təcili təxliyəsi üçün vertolyotlardan istifadə edilməsi məsələsi ciddi araşdırılmalıdır. İstisna deyil ki, Qarabağdakı terrorçular özləri belə bir partlayış törədərək sonra yaralı və ya ölü qılığında Ermənistana keçməyə nail olublar.
Digər versiya isə antiterror əməliyyatından sonra Qarabağdan yaralıların BQXK xətti ilə və yenə də rusların iştirakı ilə Ermənistana müalicəyə aparılmasıdır. Separatçılar bu humanitar jesti fürsət kimi istifadə edərək sərhədi keçməyə cəhd edə bilərdilər. Üçünü və ən az ehtimal olunan versiyalardan biri Azərbaycanın müvafiq orqanlarının hansısa daha böyük bir plan və ya məqsədlə onun keçidinə bilərəkdən göz yumması variantıdır. Daha bir təxmin isə onun digər naməlum yollarla Qarabağı tərk etməsi ola bilər. Samvelin  Qarabağdan Ermənistana əsas keçid yollarının yerləşdiyi Laçın və Kəlbəcərdən hansısa gizli və çətin yollarla Ermənistana qaçmağa cəhd etməsi çox da qeyri-real görünmür. Çünki 58 yaşlı Samvel Qarabağda doğulub, demək olar bütün həyatını orada keçirib, üstəlik həm qondarma müdafiə naziri kimi, həm də vaxtilə döyüşçü kimi həmin yerləri 30 ildir görməyən əksər azərbaycanlılardan yaxşı tanıyır və hansısa gizli keçid və ya naməlum yollardan istifadə ehtimalı da gözardı edilməməlidir.

Onun sırf Laçın postundan keçməsi ilə bağlı çıxışı isə məkrli və hiyləgər bir oyunun parçası ola bilər. Bununla o həm iz azdıra, həm də Qarabağdakı onunla konfliktdə olan digər separatçıları Laçın postu ilə qaçmaq tələsinə salmaqla, rəqiblərindən yaxa qurtarmağa çalışa bilər. Elə indilərdə Ruben Vardanyanın Laçın postunda yaxalanması ilə bağlı yayılan xəbərlər də bir növ dediklərimizin təsdiqi sayıla bilər…