Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində bir neçə evə ziyan dəyib.

Bu barədə sosial şəbəkə istifadəçiləri məlumat veriblər. Yerli sakinlər bildirirlər ki, təkanların təkrarlanacağından qorxan bir çox insan gecəni küçədə keçirməyə qərar verib.

Oxu-az-ın verdiyi məlumata görə, zəlzələ nəticəsində rayonun Şamaxı rayonunun Şəhriyar qəsəbəsində bir yaşayış evində dağıntı baş verib.

Dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Şamaxı rayonunda təbii fəlakət nəticəsində baş vermiş dağıntılarla əlaqədar fövqəladə komissiya yaradılıb. Daha çox dağıntı rayonun Qaybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb.

Həmin kəndlərdə səyyar tibb məntəqələri qurulub. Dağıntılar zamanı xəsarət alanların sayının artdığı və onların əksəriyyətinə ambulator yardım göstərildiyi bildirilir.

Təhlükəsizliyə görə dağıntı baş vermiş ərazilərdə qazın verlişi tamam dayandırılıb.

 

İstinadlar Qafqazinfo