
Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istismara başlanan gündən 2023-cü ilin mayın 27-dək bu kəmərlə 46,08 milyard kubmetr həcmində Azərbaycan təbii qazı nəql edilib.
Bunu “Report”a açıqlamasında TANAP Konsorsiumunun Baş direktoru Saltuk Düzyol bildirib.
Onun sözlərinə görə, tədarük edilən təbii qazın 21,93 milyard kubmetri Türkiyəyə, 24,15 milyard kubmetri isə Avropaya nəql edilib.
S. Düzyol bildirib ki, Avropaya tədarük edilən təbii qazın 2,42 milyard kubmetri əlavə qaz tədarükü üçün verilib: “Hazırda TANAP-ın genişləndirilməsi ilə bağlı işlər davam etdirilir. Boru kəmərinin mühəndislik çalışmaları davam etdirilir”.
O qeyd edib ki, qaz alıcıları, qaz satıcıları şirkətləri arasında alqı-satqı müqavilələrinin imzalanmasını gözləyirik: “Bundan sonra qaz-tranzit anlaşmaları yenilənəcək. Boru kəmərinin genişləndirilməsi üzrə investisiya qərarları verildikdən sonra yatırımların başlanılmasına start veriləcək”.