Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov dövlət ittihamçısının suallarını cavablandırıb.

İttiham olunan şəxs bir daha Nərmin Quliyevanı öldürmədiyini, cinayətin qəsdən onun üzərinə atıldığını deyib:

“Hələ o vaxt ifadə verəndə rəis müavini Şahlar Cəfərova dedim ki, mən bu cinayəti törətməmişəm, sadəcə, boynuma alıram. İşgəncələr verdilər, məcbur olub etiraf ərizəsi yazdım. Ayaqlarımın altına o qədər vurdular ki, dözə bilmədim”.

Prokurorun “Sizdən hazır cavablar verməyinizi tələb edirdilərmi” sualına İlkin Süleymanov “Demirdilər belə deməlisən, sadəcə, verilən suallara uyğun sözlər qoşub deyirdim” cavabını verib.

Növbəti proses mayın 25-nə təyin olunub.