2023-cü ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin dəyəri rekord həddə – 4,4 milyard ABŞ dollarına çatıb və 2024-cü ildə bu göstəricini keçmək üçün hər cür imkan var.

Bunu Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumunda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bildirib.

“Bu ilin nəticələrinə əsasən, biz yeni, daha yüksək göstəricilərə çatacağımıza ümid edirik”, – o vurğulayıb.

Hökumət rəsmisinin sözlərinə görə, son illər əməkdaşlığın demək olar ki, bütün sahələrində – investisiya, sənaye kooperasiyası, nəqliyyat və energetika, kənd təsərrüfatı, mədəni-humanitar və bir çox digər sahələrdə əməkdaşlıq sahəsində mühüm irəliləyiş əldə olunub: “Mən investisiya sahələrində qarşılıqlı əlaqəni xüsusilə qeyd etmək istərdim. Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından, Rusiya isə Azərbaycan iqtisadiyyatına 8,7 milyard ABŞ dollarından çox sərmayə yatırıb. Hazırda Azərbaycanda Rusiyanın iştirakı ilə böyük investisiya layihələri həyata keçirilir”.

Ş.Mustafayev qeyd edib ki, ötən ilin iyun ayında Cəbrayıl rayonunda “KamAZ”ın iştirakı ilə yaradılmış yük avtomobillərinə və kənd təsərrüfatı texnikasına xidmət mərkəzi fəaliyyətə başlayıb: “Mühüm layihələr arasında “KamAZ” və “Ural” yük avtomobillərinin istehsalı və yığılması layihələrini, istifadəyə verilmiş “QAZel” avtomobillərinin yığılması zavodunu, Azərbaycanda dərman preparatları istehsal edən “R-Pharm” şirkətini qeyd etmək olar. Bu gün Şəki Şərab müəssisəsinə (“Abrau-Durso” şirkətinin layihəsi) investisiya qoyuluşu layihəsi həyata keçirilir”.

İstinadlar Report