Baş nazirin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.

Bu haqda Azərbaycanın İrandakı səfirliyi məlumat verib.

İkitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından, iki ölkə arasında ticarət dövriyyəsində müşahidə olunan artımdan məmnunluq ifadə edən tərəflər, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasında əldə olunan razılıqların, həmçinin İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun icrasına tezliklə başlanmasının önəmini vurğulayıblar.

Görüşdə həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb. İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıq, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi təqdir olunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İstinadlar Qafqazinfo