İyunun 10-da Gənclər paytaxtı Lənkəranda “Şahin” hərbi-idman oyununun respublika final mərhələsi keçirilib.
Ümumtəhsil məktəblərinin X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun final mərhələsi məktəblilərin hərbi orkestrin ifası altında təntənəli marşla mərkəzi meydana daxil olması ilə başlayıb.
Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, tərəfdaş qurumlarının rəhbər nümayəndələri, qonaqlar və 200-dən çox gənc iştirak edib.
“Şahin” hərbi-idman oyununun yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayır.
Gənclər və İdman, Elm və Təhsil, Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə keçirdiyi yarışda ümumilikdə 9 komanda sıra, fiziki, mülki-müdafiə hazırlığı və maneələrin dəf olunması, eləcə də digər mərhələlər üzrə tapşırıqları icra ediblər.
Yekun nəticələrə əsasən, 1-ci yerə Xaçmaz, 2-ci yerə Oğuz, 3-cü yerə isə Sabunçu rayon komandaları layiq görülüblər.