Şahidlər Qaradağlı faciəsindən danışır – Video

Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsindən və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 32 il keçir.
Qaradağlı kəndinin 910 sakini olub ki, onların da hər 10 nəfərindən biri qətlə yetirilib.
Əsir götürülən 118 nəfərə qarşı vəhşilik törədilib, insanların başları kəsilib, diri-diri basdırılıb, dişləri çıxarılıb, ac-susuz saxlanılıb.
Qeyd edək ki, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırılıb. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar.
Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.
Ətraflı Trend-in videomaterialındada:
FHN təlim keçirdi – Video

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə hündürmərtəbəli binalardan zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması olub.
Təlim zamanı xilasedicilər xüsusi vasitələrlə şərti zərərçəkmişləri “hündürmərtəbəli bina”dan, həmçinin “lift boşluğundan” təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstəriblər”.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Leyla Əliyeva Göygöldən maraqlı video paylaşdı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Göygölə gedib.
Bu barədə o, instaqram hesabında video paylaşıb.
Həmin paylaşımı təqdim edirik:
Mingəçevirdə məktəbli bıçaqlanıb – VİDEO

Mingəçevirdə məktəbli bıçaqlanıb.
Hadisə şəhərin Energetiklər yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, 16 yaşlı yeniyetmə tanışı tərəfindən söyüşə görə bıçaqlanıb. Müxtəlif bədən xəsarətləri alan məktəbli Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, bıçaq yarası alan şəxs Mingəçevirdə yerləşən 4 saylı orta məktəbdə təhsil alır.
Daha ətraflı videomaterialda:
Metroda yanğın təlimi – Video + Fotolar

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “İçərişəhər” və “Sahil” stansiyalarında taktiki-xüsusi təlim keçirilib.
Bu FHN-dən məlumat verilib.
Bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun əsasən “İçərişəhər” və “Sahil” stansiyaları arası 1-ci yol mənzilində “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, bu zaman xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 11 ədəd texnikası və 76 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Gömrükçülərdən Bakıya enən xanımlara maraqlı jest – Video

Azərbaycan gömrükçüləri 8 Mart – Beynəlxalq Qadınlar Günündə ölkəmizə təyyarə ilə gələn xanımlara xüsusi diqqət göstərib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, xanım sərnişinlərə Heydər Əliyev Beynəlxalq Aeroportunda çiçək təqdim olunub.
Azərbaycan mədəniyyəti bu dəfə “Netflix”də – Foto-Video

“Netflix” “Drive to Survive” serialının 7-ci mövsümünü təqdim edib.
Bununla da Azərbaycan mədəniyyəti növbəti dəfə qlobal yayım platformasında yer alıb.
Dramatik anlar, pərdəarxası rəqabətlər və yüksək adrenalin yaşadan “Drive to Survive” təkcə avtoidmandan bəhs edən sənədli filmi deyil, “Formula 1” dünyasının ən nüfuzlu komanda və pilotlarının həyəcan dolu həyatına bir səyahətdir. İlk dəfə olaraq serial trekdən kənara çıxaraq paytaxtımızın füsunkar mənzərələrini, rəngarəng mədəni irsimizdən görüntüləri yayımlayır.
Bu mövsümdə “2024 Formula 1” mövsümünün gərgin mübarizələri, Maks Verstappen-in çempionluq uğrunda əzmkarlığı, “Red Bull”un üstünlüyü və komandalar arasındakı gərgin rəqabət tamaşaçılara təqdim olunur. Hər mövsümdə olduğu kimi, bu dəfə də serial trekdə və trekdən kənarda baş verən hadisələri, sürpriz transferləri və dramatik məqamları tamaşaçılara çatdırır.
“Drive to Survive” serialı ənənəsinə sadiq qalmaqla yeni mövsümün başlanğıcında, azarkeşlərin intizarını bir az da yüksəldərək, 14-16 mart tarixlərində baş tutacaq Avstraliya Qran Prisindən öncə ekranlara gəlir.
Siz də bu həyəcanı qaçırmayın! “Netflix”də “Drive to Survive” yeni mövsümünü izləyin, möhtəşəm sürət yarışının pərdəarxası tərəflərindən xəbardar olun!
Bakıda yaşayış binasında yanğın – Sakinlər belə xilas edildi+Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsindəki mənzildə baş verdiyi və sakinlərdən bir neçəsinin binanı tərk edə bilməməsi səbəbindən təhlükəli vəziyyətlə üz-üzə qaldığı müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Həmçinin, xüsusi təyinatlı texnikanın – avtokranın tətbiqi ilə yuxarı mərtəbələrdə təhlükədə qalmış sakinlər xilas ediliblər.
Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb, yüksək temperaturdan ümumi dəhlizin divarları 20kv.m. sahədə deformasiya edib.
“Görüş” şadlıq evinin fəaliyyəti dayandırıldı – Video

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 72 ünvanında yerləşən “Görüş” şadlıq evinin fəaliyyəti dayandırılıb.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən şadlıq evində yoxlama keçirilib.
Keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
– obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonlarından istifadə olunur və həmin balonlar rezin borular vasitəsilə qaz cihazlarına birləşdirilib;
– obyekt yanğın su hovuzu və avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin edilməyib;
– elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
– obyektdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur;
– elektrik avadanlıqları artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün standartlara uyğun qoruyucu aparatlarla təmin edilməyib;
– obyektin bəzi divar və tavan hissələri yanar material olan lambirlə üzlənilib, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb;
– anbar kimi istifadə olunan sahəsində köçürmə yolları müxtəlif materiallarla tutulub;
– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud odsöndürən balonların tərkibi isə yenisi ilə əvəz olunmayıb;
– təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;
– obyektdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;
– obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;
– obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 72 ünvanında yerləşən “Görüş” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
“Azpetrol”da qaz dolduran avtomobil partladı – Video

Bu gün saat 12 radələrində paytaxtın Qaradağ rayonunda avtomobildə partlayış baş verib.
Lökbatan qəsəbəsi yaxınlığında yerləşən “Azpetrol”a məxsus yanacaqdoldurma məntəqəsində “Chevrolet Cobalt” markalı avtomobildə yanğın başlayıb.
Qazdoldurma prosesi zamanı başlayan yanğın nəticəsində taksi şirkətlərindən birinə məxsus olan avtomobil tamamilə yanıb.
FHN-dən bildirilib ki, hadisə nəticəsində 1 nəfər xəsarət alıb: “Bakı şəhərinin Qaradağ rayonunda “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi – Video – Fotolar

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu gün Lənkəran Şəhər Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir əvvəlcə Lənkəran şəhərindəki Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarından qəbula gələn 352 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Vətən müharibəsinin 24 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 237 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Motosikletlə piyada keçidinin üstündə gənc qızı vurdu – Video

Bu gün paytaxtın Yasamal rayonu ərazisində motosiklet piyadanı vurub.
Hadisə Mətbuat prospektində piyada keçidinin üzərində baş verib.
Motosikletin vurduğu gənc qız müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
FHN Şamaxıda mehmanxanada təlim keçirib – VİDEO

Şamaxı rayonunda yerləşən “Shamakhi Palace Sharadil”də “Mehmanxanaların yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Baş əməliyyat idarəsi və İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə keçirilən təlimə Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq canlı qüvvə və texnikaları cəlb edilib.
Təlimin keçirilməsində məqsəd otelin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.
Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən otel kollektivinə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər, otellərdə baş verə bilən yanğınlar zamanı davranış qaydaları və təxliyə barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Sonra təlimin praktiki hissəsinə start verilib. Belə ki, şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş mehmanxanada təxliyə planına uyğun olaraq, yanğınsöndürənlər tərəfindən zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğın” qısa müddətdə söndürülüb.
Bağlı qapı arxasında qalan yeniyetmə xilas edildi – Video

Bakı şəhərinin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq evdə yatmış vəziyyətdə aşkarlanmış 2012-ci il təvəllüdlü yeniyetməni valideynlərinə təhvil veriblər.
Neftçalada maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb – VİDEO

Neftçalada maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Neftçala rayonunun Qədimkənd kəndində fəaliyyət göstərən fərdi sahibkar Leysanov Rasəf Firudin oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan maye qaz tutumunun daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, maye qaz tutumunun üzərində quraşdırılmış qoruyucu klapanların növbəti yoxlamasının aparılmadığı, məntəqədə istismar olunan rezin parçalı qolların sınaqdan keçirilmədiyi, həmçinin qurğu və avadanlıqların torpaqlanma konturunun müqavimətinin yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Paytaxtda avtobusun iştirakı ilə zəncirvari qəza – Video

Martın 5-də Bakıda marşrut avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib.
Binəqədi rayonu ərazisində 170 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus “Mercedes” markalı yük maşını və “Ford” markalı minik avtomobili ilə toqquşub.
Daha sonra idarəetmədən çıxan avtobus yol kənarında dayanmış “Toyota Prius”a çırpılıb.
Hadisə nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib, yolda güclü tıxac yaranıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Sabunçuda evdə partlayış olub, yaralananlar var – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 80kv.m. olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.