Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu 1 226 investisiya layihəsinin maliyyələşdirilməsinə 43,7 milyon manat güzəştli kredit verilib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,6 dəfə və 75,5 % çoxdur.

1 il əvvəl olduğu kimi, maliyyə dəstəyindən faydalananların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləri (KOB) olub. Güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə isə 95,4%-i KOB subyektlərinin payına düşüb.

Hesabat dövründə qadın sahibkarlara verilmiş güzəştli kreditlərin sayı 2,5 dəfədən çox artıb. 2022-ci ilin yanvar-may aylarında 86 qadın sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə 1,8 milyon manat güzəştli kredit ayrılıb. 2021-ci ilin eyni dövründə 31 qadın sahibkar güzəştli kreditlərdən yararlanıb. Ümumilikdə isə, 2021-ci ildə 145 qadın sahibkara 12 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.

Gənc sahibkarlara verilmiş güzəştli kreditlər 2021-ci ilin yanvar-may aylarında 15 layihə üzrə 758,5 min manat təşkil etdiyi halda, 2022-ci ilin eyni dövründə 40 layihə üzrə 1,1 milyon manat olub. Ötən ilin nəticələrinə əsasən, 63 gənc sahibkarlıq subyektinə 2,7 milyon manat məbləğində güzəştli kredit verilib.

İstinadlar Report