Gələn il İqtisadiyyat Nazirliyi yanında Sahbikarlığın İnkişafı Fondunun verəcəyi kreditlər bu illə müqayisədə az olmayacaq.

Bunu “Report”a açıqlamasında Fondun İdarə Heyətinin sədri Osman Xaliyev bildirib.

“Fond iş adamlarının uzunmüddətli, daha aşağı faizli maliyyəyə çıxışını təmin etmək üçün əsas operatordur. Əsas strategiyamız regionlarda kiçik və orta bizneslərin inkişafına dəstək göstərməkdir. Növbəti il üçün də biznes qurumlarında sosial və korporativ idarəetmə standartlarının tətbiqini təşviq etmək məqsədilə meyarlarımız müəyyən olunacaq.

İlin yekunlarını başa vurduqdan sonra proqnozlar tərtib edəcəyik və hesablamalar əsasında gələn il üçün kreditlərin nə qədər olacağını biləcəyik. Planımız odur ki, sahibkarlara ən azı bu ilki hədəflərdən daha çox vəsait ayırılsın. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, xidmət sektoru, turizm, səhiyyə, təhsil, logistika mərkəzlərinin, taxıl anbarlarının, soyuducu anbarların yaradılması və digər istiqamətlərdə layihələrin dəstəklənməsini davam etdirəcəyik. Əsas hədəf kapital tutumlu layihələrin maliyyələşdirilməsidir. Fond olaraq daha ucuz, orta və uzun müddətli layihələrin maliyyələşdirilməsini prioritet hesab edirik”, – deyə o qeyd edib.

İstinadlar Report