İndiyə qədər İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

Onun sözlərinə görə, investisiya təşviqi sənədi almış 17 aqropark isə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib.

“Qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi işlə təmin edilib, 4878 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə əlavə olaraq 1600-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. 2024-cü ildə əkin dövriyyəsinə cəlb olunmuş 42,5 min ha torpaq sahəsinin 35,7 min ha suvarılan ərazilərdir ki, bunun da 26 min hektarında (73%-i) mütərəqqi suvarma sistemləri qurulub”, – deyə sədr qeyd edib.

O vurğulayıb ki, 2024-cü ildə aqroparklarda 34,1 min ton buğda, 25,5 min ton arpa, 91,8 min ton dən və silos qarğıdalı, 49,7 min ton şəkər çuğunduru, 22,4 min ton pambıq, 17,3 min ton kartof, 11,6 min ton yonca, 1,1 min ton soya, 3,5 min ton tərəvəz məhsulları, 14 min ton qüvvəli yem istehsal olunub, 18,1 min ton qarışıq meyvə yığılıb və 606 min ədəd ting əkilib: “Aqroparklarda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 150 milyon manat təşkil edib. Heyvandarlıq üzrə ixtisaslaşmış 6 aqroparkda 32,4 min ton süd və 1,3 min ton ət istehsal olunub”.

S.Adıgözəlov vurğulayıb ki, ümumi ərazisi 2807 hektar olan Yevlax Pilot Aqroparkı ölkədə kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır: “Aqroparkda intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub. Aqroparkın 2 807 hektar ərazisinin 1 185 hektarı parsellərə (58 parsel) bölünmüş sahələr, 1 298 hektarı heyvanların yem təminatı və pambıqçılıq sahələri, 141 hektarı sənaye zonası, qalan 183 hektarı isə mühafizə zolaqları və təsərrüfatdaxili yollardır.

İstinadlar Report