AXCP sədri Əli Kərimli sosial şəbəkədə sahibkarların üzləşdikləri çətinliklərə toxunub. Onun fikirlərini olduğu kimi diqqətinizə çatdırırıq: “Bir sahibkar məktub yazıb, xahiş edir ki, “inhisarın ləğvi” adlı əməliyyatdan sonra gömrükdə yaranmış hazırkı, dəhşətli vəziyyəti ictimailəşdirməyə yardım edim. Sahibkar yazır ki, əvvəllər ölkəyə gətirdikləri malların təqribən 18-20 faizi dəyərində pulu gömrükdə verirlərmiş inhisarçıya. Sonra da heç sahibkarın xəbəri olmazmış ki, inhisarçı bu malları gömrükdə necə rəsmiləşdirir. Ehtimal olunur ki, rəsmi sənədlərdə malın kəmiyyət və keyfiyyəti ciddi şəkildə azaldılırmış. Sahibkardan alınan pulun cüzi bir hissəsi rüsum kimi büdcəyə, əsas hissəsi isə inhisarçıya, oradan da “qara kassaya” gedirmiş.

Hazırda isə gömrükdə ölkəyə gətirilən malların dəyərinin 36 faizi (gömrük rüsumu və ƏDV kimi) tələb olunur. Nəticədə sahibkardan gömrükdə tələb olunan vəsait təqribən 80 faiz artıb. Sahibkar yazır ki, problem hələ bununla da bitmir. Dərd burasındadır ki, bu “islahat” azad sahibkarlara tətbiq olunur, inhisarçılar isə yenə əvvəlki qaydada işləyir. Nəticədə azad sahibkarın ölkəyə gətirdiyi mal inhisarçının gətirdiyi maldan daha baha başa gəldiyindən, inhisarçı ilə rəqabətdə uduzur və malını bazarda onu qane edən qiymətə sata bilmir, müflis olur. Sahibkar yazır ki, manatın qiymətdən düşməsi, üstəgəl gömrükdəki “yeni qaydalar” sahibkarlar təbəqəsini tam olaraq bitirəcək, 100 minlərlə iş yeri bağlanacaq, ölkədə xaricdən gətirilən malların qıtlığı yaranacaq. Olan-qalan bazar isə yüzdə-yüz inhisarçılara qalacaq.

Oxumağa dəyər:   Nazir çətinliklə üzləşən uşaqlarla - Fotolar

Baxın, sanki özlərinə vəzifə bilirlər ki, hər gün xalqa hansısa pislik etsinlər. Atdıqları bütün addımlarda xalqın yox, bir qrup oliqarxın marağını düşünürlər. Kim təsəvvür edə bilərdi ki, bir gün azad sahibkar inhisarçılarla işləməyin, onlara “haqq verib” biznesini davam etdirməyin xiffətini çəkəcək? Rejim buna da nail oldu. Həqiqətən də bunların idarəetməsinin analoqu yox imiş.”